24 məktəbin heç bir tibb xidməti yoxdur...
Elçin Əfəndi: “Təhsil müəssisələrində təhsilalanların tibbi xidmətlə təmin olunması vacibdir”
Xəbər verdiyimiz kimi, TƏBİB Bakı şəhərində yerləşən 348 təhsil müəssisəsindən 324-də tibbi xidmət təşkil olunduğunu, yalnız 24 məktəbin tibb xidmətilə təmin edilmədiyini açıqlayıb.
Maraqlıdır, bu məktəblərdə şagirdlərin sağlamlığı ilə bağlı fövqəladə hadisə baş versə buna kim cavab verəcək?
“Bu gün məktəblərdə sırf ambulator müalicə və ilkin tibbi xidmətin göstərilməsi ilə bağlı fəaliyyət qismən işlək vəziyyətdədir”
Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məktəblərdə tibbi xidmət göstərilməsi ilə bağlı çatışmayan məqamlar mövcuddur: “Son zamanlar məktəblərdə baş verən hadisələrdən yola çıxaraq qeyd edə bilərəm ki, təhsil ocaqlarında müəllim-şagird-valideyn münasibətlərində müvafiq problemlər var. Nazirlər Kabinetinin 25 noyabr 2010-ci il tarixli qərarında “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası” təsdiq olunub. Tibbi xidmətin təşkili ilə bağlı xüsusi olaraq qeyd olunur ki, mülkiyyət forması və tabeliyindən asılı olmayaraq bütün təhsil müəssisələrində təhsilalanların tibbi xidmətlə təmin olunması vacibdir. Təhsil müəssisələrində amblator tibbi xidmətin təşkili üçün məntəqələr yaradılmalıdır. Bunun üçün də müvafiq olaraq təhsil müəssisəsi ilə həmin xidməti göstərəcək poliklinika arasında razılaşma olmalıdır. Amma təəssüflər olsun ki, bu gün məktəblərdə sırf amblator müalicə və ilkin tibbi xidmətin göstərilməsi ilə bağlı fəaliyyət qismən işlək vəziyyətdədir. Hətta yox səviyyəsində olduğunu da vurğulaya bilərik. Azərbaycanda 4200 dən çox təhsil müəssisəsi mövcuddur və burada 1 milyon 6 yüzdən çox şagird təhsil alır. Nəzərə alsaq ki, bu şagirdlərin böyük əksəriyyəti bölgə məktəblərində təhsil alır, bölgə məktəblərindəki vəziyyəti təsəvvür etmək heç də çətin deyil”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məktəblərdə çalışan hər bir tibb işçisi öz vəzifələrini bilməlidir: “Ümumi olaraq ümumtəhsil müəssisələrində mütləq şəkildə tibb məntəqələri mövcud olmalıdır. Əgər hansısa ümumtəhsil müəssisəsində yoxdursa, aidiyyəti qurumların razılığı əsasında həmin ərazilərdə məntəqə yaradılmalıdır".
Günel CƏLİLOVA