YAP-ın Mərkəzi seçki qərargahı yaradıldı - YENİLƏNDİ
İyulun 3-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə YAP-dan məlumat verilib.
Azərbaycanın olduqca mühüm ictimai-siyasi proses ərəfəsində olduğunu söyləyən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə VI çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib”.
Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini vurğulayan Tahir Budaqov qeyd edib ki, dövlətimizin və xalqımızın qarşısındakı ən ümdə vəzifənin yerinə yetirilməsi - Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi müasir dövlətçilik tariximizin ən şərəfli səhifəsi və möhtəşəm tarixi nailiyyətimizdir. YAP Sədrinin müavini diqqətə çatdırıb ki, ölkəmizin qarşısında növbəti strateji hədəflərin gerçəkləşdirilməsi vəzifəsi dayanır.
YAP-ın avanqard siyasi qüvvə olaraq hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini söyləyən Tahir Budaqov partiyanın qarşıdan gələn parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib.
Sonra iclasın gündəliyində olan məsələlər haqqında məlumat verilib.
İclasda əvvəlcə “Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı” müzakirə edilərək təsdiqlənib.
Sonra Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiqlənməsi məsələsi müzakirə edilib. Müzakirələrdən sonra YAP-ın 21 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.
İdarə Heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi də təyin olunub, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər müəyyənləşib.
İclasın sonunda Tahir Budaqov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə qələbə əzmi ilə qatıldığını vurğulayıb və bu prosesdə partiya üzvlərinə uğurlar arzulayıb.
ZÜMRÜD