Makron əzəli rəqibinə qarşı solçularla iş birliyi qurur
Fransa Milli Assambleyasına keçirilən seçkilərdə acınacaqlı məğlubiyyət şoku yaşayan Emmanuel Makron, əzəli rəqibi sayılan sağçı Marin Le Penin əleyhinə solçularla birləşmək qərarı verib. Artıq çərşənbə axşamı günortadan sonra Fransa Milli Assambleyasına seçkilərin ikinci turu üçün namizədlərin yekun siyahısı dərc olunub. Buradan bəlli olur ki, həm solçu partiyaların alyansı, həm də Emmanuel Makronun Mərkəzçi Koalisiyasından olan bir çox namizəd Marin Le Penin Milli Mitinqinin (MN) əleyhdarlarının səslərini birləşdirmək və ifrat sağçıların seçkiyə mane olması üçün namizədliklərini geri götürmək qərarına gəliblər.
Ötən bazar günü keçirilən birinci tur müttəfiqləri ilə birlikdə seçicilərin ümumi sayının təxminən 33%-ni qazanan Marin Le Penin partiyasına böyük qələbə qazandırıb. Geniş sol ittifaq ikinci, prezident Emmanuel Makronun mərkəzçiləri isə üçüncü olub. Artıq Le Penin 577 yerlik Milli Assambleyada mütləq səs çoxluğu qazanmaq şansı onun rəqibləri tərəfindən təşvişlə qarşılanır.
Xatırladaq ki, birinci turda ümumilikdə 76 deputat seçilib. 311 seçki dairəsində üç və ya dörd namizəd ikinci tura keçib, qalanları isə cəmi iki nəfər olub. E.Makronun solçularla yeni əməkdaşlığının M.L.Penin parlamentdəki çoxluq imkanlarına nə dərəcədə mane olacağını isə bir neçə gündən sonra biləcəyik. Hərçənd solçular E. Makronun partiyası ilə əməkdaşlığa qarşı indidən etiraz səslərini ucaltmağa başlayıblar. Onlar nüfuzdan düşmüş Mərkəzçi Koalisiyası ilə əməkdaşlığın əleyhinədirlər.
Mətləb Salahov