Hind okeanında PUA ilə israilli milyarderin gəmisini vurdular - ABŞ İrandan şübhələnir...
İsrailli milyarderə məxsus gəminin Hind okeanında PUA hücumuna məruz qalması nəticəsində yanğın baş verib, ekipaj üzvləri arasında itki yoxdur. Bu barədə Qərb KİV-ləri məlumat yayıb.
Qeyd edilir ki, insident ötən gün baş verib. “CMA CGM Symi” konteyner daşıyan gəmisi beynəlxalq sularda PUA hücumuna məruz qalıb.
ABŞ müdafiə rəsmisi bildirib ki, israilli milyarderə məxsus konteyner gəmisi İrana aid olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb.
Adının açıqlanmasını istəməyən rəsmi, "Associated Press"ə verdiyi açıqlamada, İsrailli milyarderə məxsus gəminin Hind okeanında beynəlxalq sularda üzərkən İran istehsalı olan “Şəhid-136” tipli İHA tərəfindən hədəf alındığından şübhələnildiyini bildirib. Ancaq amerikalılar bu qənaətə hansı məlumatlar əsasında gəldiklərini açıqlamırlar.
İHA-nın partladığını və gəmiyə zərər verdiyini bildirən rəsmi, gəmi heyətindən heç kimin xəsarət almadığını qeyd edib.
Malta bayrağı altında üzən gəmi Sinqapurda qeydiyyatdan keçmiş və israilli iş adamı İdan Oferin nəzarətində olan “Eastern Pacific Shipping” şirkətinə məxsusdur.
TAHİR