Metro və avtobusun qiyməti yenə bərabər qaldı - 50 qəpik...
Məlum olduğu kimi, 30 iyun tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Qərara əsasən, avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib.
Kamran Məmmədli: “İctimai nəqliyyatda da gediş haqqının artırılması gözlənilirdi”
Qiymət dəyişikliyi barədə fikir bildirən iqtisadçı ekspert Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ictimai nəqliyyatda da gediş haqqının artırılması gözlənilirdi: “Məlumdur ki, ictimai nəqliyyatda çoxlu sayda problemlər var. Problemlər bugünün deyil, əvvəldən yığılıb qalmış problemlərdir. Metro və avtobusların sayı azdır. Sərnişinlər ünvana çatmaqda çətinlik çəkir. Hökumətin özünün planları, prioritetləri var. Bazar iqtisadiyyatıdır. Xərclər artdıqca hökumət də öz satdığı məhsulların qiymətini qaldırır. Metro və daşıyıcı şirkətlərin borcu var. Dəfələrlə mediada bu haqda məlumat yayılıb. Maraqlıdır, qiymət artımı ictimai nəqliyyatda keyfiyyətdə dəyişikliyə səbəb olacaqmı? Yoxsa insanlar yenə əvvəllki qaydada sınıq-salxaq avtobuslardan istifadə etməli olacaq? Yaxşı olar ki, qiymət artımından sonra ictimai nəqliyyatda yaşanan problemlər öz həllini tapsın”.
Elməddin Muradlı: “Yeni tariflər ictimai nəqliyyat sektorunda bir sıra imkanlar yaradacaq”
Nəqliyyat eksperti Elməddin Muradlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yeni tariflər ictimai nəqliyyat sektorunda bir sıra imkanlar yaradacaq: “Bura xidmət keyfiyyəti və müştəri məmnuniyyətinin artırılması, istehlakçı ilə xidmət göstərən tərəflərin maraqlarının uzlaşdırılması, xidmətin dayanıqlılığının və iqtisadi əlverişliliyin təmin olunması, ölkədaxili sərnişindaşıma xidmətləri üzrə davamlılığın təmin edilməsi, avtobus parklarının yenilənməsi, metro infrastrukturunun genişləndirilməsi, vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinə səbəb olan yeni sərmayələrin cəlbi və s. daxildir”.
Günel CƏLİLOVA