Belarus-Ukrayna sərhədində gərginlik artır - Minsk xəbərdarlıq etdi, Ukrayna sərhədə hərbi qüvvə yığır...
Belarus Müdafiə Nazirliyi Ukrayna sərhədində gərginliyin artdığını açıqlayıb. Belarus Baş Qərargah rəisi Pavel Muraveyko da Ukraynanın Belarus sərhədinə xüsusi təyinatlılar yerləşdirdiyini bildirib.
“Son həftələrdə sərhədlərimiz yaxınlığında Ukraynadan indiyə qədər əsassız və hələ də bizim üçün anlaşılmaz olan fəaliyyətləri müşahidə edirik. Qoşunlarımızı hazır vəziyyətə gətirməyə məcburuq. Cənub qonşumuzun kiminsə göstərişinə uyub belarusların dişlərini sınamağa çalışmasını istəmərik" - deyə Muraveyko bildirib.
Belarus Müdafiə Nazirliyinin rəsmiləri də Ukraynanın Belarus sərhədlərinə əsgər, silah və hərbi texnika yığdığını iddia edib. Minsk tərəfi iddia edib ki, Ukraynanın Jidtomir vilayətində Amerikanın piyada döyüş maşınları, reaktiv yaylım atəşi sistemləri, ağır uzaqmənzilli artilleriya və digər texnika yerləşdirilib. Müdafiə Nazirliyi iddia edir ki, bütün bunlar təxribatçıların Ukraynadan Belarus ərazisinə sızmasına hazırlıq məqsədi daşıya bilər.
TAHİR