Rayonlarda gənc müəllimlərə ehtiyac böyük, rayonlara getmək istəyən isə yox...
Elşən Qafarov: “Müəllim olmaq istəyən hansısa bir gənc namizəd ucqar kəndlərdən birindəki məktəbi seçsə də…”
Ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi, o cümlədən də müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılsa da, bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllim çatışmazlığı özünü qabarıq şəkildə göstərməkdədir. Həmçinin, sertifikasiya imtahanları onu göstərdi ki, rayonlarda xüsusilə gənc müəllimlərə ehtiyac var. Bəs gənc müəllimlərin ucqar bölgələrdə fəaliyyət göstərmələri üçün hansı həvəsləndirici tədbirlər görülməlidir?
“MİQ müsabiqəsindən keçən namizədlərin bir qismi təyinat aldığı məktəbdən imtina edir, səbəb isə…”
Təhsil eksperti Elşən Qafarov baki-xeber.com-a açıqlamasında bildirdi ki, hər il təxminən 10 mindən artıq müəllim MİQ imtahanı vasitəsilə işə qəbul olunur: “Bunların bir hissəsi hansısa məktəbdə işləyən və müsabiqədə yerdəyişmə üçün iştirak edənlərdir. Yerdə qalanı isə yeni işə başlamaq istəyənlərdi. MİQ müsabiqəsindən keçən namizədlərin bir qismi təyinat aldığı məktəbdən imtina edir. Səbəb isə yerlərdə müəllimlər üçün müvafiq şəraitin yaradılmamasıdır. Müəllim olmaq istəyən hansısa bir gənc namizəd ucqar kəndlərdən birindəki məktəbi seçsə də, gedib görür ki, nə normal infrastruktur var, nə də qalmağa yeri. Onlar da məcburiyyətdən həmin məktəbdən imtina edir ki, gələn il yenidən MİQ imtahanı verib başqa məktəbi seçsin. Bir çoxları isə həmin məktəblərin direktoru ilə razılaşır, adları orda gedir, özləri isə Bakıdakı kurslarda müəllimlik edirlər. Məlumat üçün deyim ki, Nazirlər Kabinetinin 2010-cu il 14 aprel 67 saylı qərarına əsasən, ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimlərə əlavə, həvəsləndirici tədbirlər nəzərdə tutulur. Əvvəllər gənc müəllimlər 35 yaşları tamam olana qədər bu təminatlardan istifadə edə bilirdi. Lakin sonradan qərarda dəyişiklik edildi ki, 35 yaşı tamam olana qədər yalnız bir dəfə həvəsləndirici tədbirlərdən istifadə edə bilir. Bütün bunlar son nəticədə gənc müəllimlərin ucqar məktəblərdən imtina etməsinə səbəb olur. Bu kimi hallar da ucqar məktəblərdə ixtisas müəllimi çatışmazlığına səbəb olur. Ən böyük zərər də təhsil alan şagirdlərə dəyir”.
Günel CƏLİLOVA