Ermənistan çox yaxında AB-yə üzvlük referendumu keçirəcək - Paşinyan Rusiyanı sıxıb...
İlyas Hüseynov: “Referendum keçirilməsi ilə bağlı qərar, şübhəsiz ki, Rusiya tərəfindən də müəyyən neqativlə qarşılanacaq”
“Ermənistan AB dəyərlərini bölüşür və Avropa Birliyinin bir hissəsi olmaq istəyir”. Bu barədə Rus.LSM-ə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib. “Buna görə də AB ailəsinin tamhüquqlu üzvü olmaq üçün dəstəyə ehtiyacımız var”, - Simonyan bildirib.
O bəyan edib ki, bir neçə gün əvvəl Ermənistan parlamenti Ermənistanın AB-yə (Avropa Birliyi) daxil olması ilə bağlı referendumun keçirilməsi məsələsini müzakirə edib. “Düşünürəm ki, yaxın gələcəkdə bu referendumumuz olacaq və əminəm ki, xalqımız “hə” deyəcək”, - deyə Alen Simonyan bildirib.
Paşinyan hökuməti Ermənistanın Avropa Birliyinə üzv olması üçün referendum keçirməyə hazırlaşır. Bir sözlə, Ermənistan bununla Rusiyadan uzaqlaşdığını bir daha ortaya qoyur.
“...Bir sıra təzadlar meydana gəlir, yəni Ermənistan bir siyasi xətdən çıxmamış digər bir siyasi cərəyana doğru addımlamaq niyyətindədir”
Paşinyan hökumətinin bu qərarını şərh edən politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə “Ermənistan, belə görünür ki, İkinci Qarabağ müharibəsindən sonra öz geosiyasi seçimini edib və bu seçim Avrointeqrasiya istiqamətindədir. Buna qədər Avropa ilə yaxınlaşmaya yönəlmiş müxtəlif mesajlar hiss olunsa da, Nikol Paşinyan hakimiyyəti ciddi surətində addım atmaq niyyətini ifadə edir. Referendum keçirilməsi ilə bağlı qərar, şübhəsiz ki, Rusiya tərəfindən də müəyyən neqativlə qarşılanacaq. Lakin Ermənistan tərəfinin əl-qolunu açan, ona belə rahatlıq, sərbəstlik verən məsələ əslində Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Rus-Ukrayna müharibəsi ilə əlaqədar analitiklərin çoxunun fikri bundan ibarətdir ki, demokratların hakimiyyətdən getməsi və Donald Trampın prezident seçilməsi baş verərsə, bunun müharibənin gedişinə də müəyyən təsiri olacaq. Bu baxımdan, Paşinyan sanki bütün məsələləri həll etmək üçün təşəbbüslər göstərir və Avropa Birliyinə üzvülüklə bağlı referendum qərarı da bunun bir göstəricisidir. Digər tərəfdən, Ermənistan konstitutsiyasının dəyişdirilməsi də Bakının xüsusi şərtidir. Digər bir şərt də ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciətlə əlaqədardır”-deyə bildirdi.
İ.Hüseynov ümid edir ki, bu məsələlərə də aydınlıq gələcək. Onun sözlərinə görə, lakin şübhəsiz ki, Rusiya tərəfin də öz “qırmızı cizgiləri” vardı.
“Bu da Avropa Birliyi və NATO sıralarına daxil olma ilə bağlıdır. Lakin maraqlıdır ki, Ermənistanın siyasi isteblişmenti (hakimiyyətin istefa çağırışları-İ.H) Rusiya siyasi vektorunu tənqid etsə də, Rusiya ilə bütün inteqrasiya platformalarında öz mövcudluğunu davam etdirir. Həm 102-ci baza saxlanılır, Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həm də Avrasiya İqtisadi Birliyinin üzvüdür. Hətta bu il Avrasiya İqtisadi Birliyinə sədrliyi də o həyata keçirir. Belə olduğu halda bir sıra təzadlar meydana gəlir, yəni Ermənistan bir siyasi xəttdən çıxmamış digər bir siyasi cərəyana doğru addımlamaq niyyətindədir. Belə anlamaq olar ki, Ermənistandan da istənilən elə budur. Ermənistanın siyasi təlimatçıları bu fikirləri onlara təlqin edirlər. Lakin Avropa Birliyinə üzvlükülə bağlı referendumun Rusiya-Ermənistan münasibətlərinə təsiri, şübhəsiz ki, olacaqdı, Ermənistanda hakimiyyət əleyhinə müəyyən hərəkətlənmələr, hakimiyyətə istefa çağırışları və sair kimi fəaliyyət də gözlənilə bilər”-deyə İ.Hüseynov bildirdi.
İradə SARIYEVA