Yeniyetmələr arasında kriminal davranışlar artır - Azərbaycanda "SOS"...
Könül İsmayılova: “İnsanların bir-birilə qarşılıqlı anlaşma problemi var, ona görə də…”
Son günlər ölkənin bəzi ərazilərində ölümlə nəticələnən mübahisələrin, kriminal hadisələrin sayında artımlar müşahidə edirik.
Əsasən də, bu cür bədbəxt hadisələr gənclər, yeniyetmələr arasında daha çox baş verir. İnsanlar danışaraq həll edə biləcəyi mövzuları nəyə görə təhdid və ya ölümlə sonlandırırlar? Qanlı olayların başlıca səbəbləri nələrdi?
“Cinayət törədən və yaxud buna cəhd edən gənclər öz gücünü yaşıdlarına sübut etmək və onların etimadını qazanmaq üçün bu addımı atır”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, insanların bir-birilə qarşılıqlı anlaşma problemi var. Ona görə də zaman keçdikcə aqressiv insanların sayı artır: “Yeniyetmə və gənclər daha çox evdə və məktəbdə aqressiv olurlar. Travma ilə böyüyən uşaqlar adətən zəiflərə qarşı daha aqressiv olur. Bu bullinqlə (zorakılıq), təcavüzlə, istismar halları və ən əsası intiharla nəticələnə bilər. Yeniyetmələr arasında aqressiyanın artmasında cəmiyyətin böyük günahı var. Son dövrlər insanlarda özünəvurğunluq, özündənrazılıq halları, pis mənada paxıllıq hissi müşahidə edilir. Bu, çox narahatedicidir və heç də xoşagələn deyil. Uşaq da bütün bunların ağır formada daşıyıcısına çevrilir”.
Həmsöhbətimizin sözlərinə görə, cinayət törədən və yaxud buna cəhd edən gənclər, yeniyetmələr bir çox hallarda öz gücünü, cəsarətini göstərmək, yaşıdlarına özünü sübut etmək və onların etimadını qazanmaq üçün bu addımı atır: “Günümüzdə yeniyetmə və gənclər arasında aqressiya və təcavüzkarlığa meyllilik hallarının artdığına şahid oluruq. Bu halların artmasının əsas səbəbləri sosial şəbəkələr, televiziyalarda yayımlanan kriminal hadisələr, müxtəlif filmlər olmaqla yanaşı, məktəblərdə psixoloqların az olmasıdır. Bütün bu hallar gənclər arasında kriminal həyata marağın artmasına səbəb olur. Əslində, bu problemlər ailə ilə bağlı olan bir məsələdir. Əvvəlki illərə nəzər salsaq görərik ki, ailədə mübahisələrin, bir-birinə qarşı zorakılıq hallarının sayı daha az idi. Bir uşaq evdə ancaq söz-söhbət, dava-dalaş görürsə, bunu böyüdükcə ətrafında olan şəxslər üzərində göstərməyə başlayır. Çünki uşaq beyni belə travmaları unutmur və illər keçdikcə bu, onda daha çox artır. Düzdür, aqressiya, əsəb, səbrsizlik hər kəsdə olan bir problemdir, lakin təəssüf ki, bu problemləri uşaqlara da ötürürük və bu da onların psixologiyasına çox ciddi təsir edir. Bütün bu sadalanan məsələlər gənclərin cinayət törətməsinə və ya buna cəhd etməsinə gətirib çıxarır. Hesab edirəm ki, orta və ali məktəblərdə gənclər arasında maarifləndirmə işləri aparmaq çox vacib məsələdir. Bunun üçün xüsusi seminarlar təşkil olunmalı, gənclərin zorakılığa meylliliyi azaldılmalıdır. Düşünürəm ki, bu işdə valideynlər də maraqlı olmalı və psixoloqlarla sıx əlaqə qurulmalıdır”.
Günel CƏLİLOVA