"3 aya səlis danışacaqsan" - dil kurslarının yalançı reklamları...
Mirvari Əliyeva: “Bu kurslar özlərini yalandan reklam edərək qısa müddətdə yüksək nəticə üçün vəd verirlər”
Günümüz hər bir insanın ən azı bir xarici dil bilməsini şərtləndirir. Bəziləri karyerada inkişaf, bəziləri səyahətlər, bəziləri daha çox mədəniyyətlərlə tanış olmaq, bəziləri də dünya ədəbiyyatını orijinaldan oxumaq üçün və s. xarici dilləri öyrənir.
Dil öyrənmək üçün istənilən yerdə dil tədrisi ilə məşğul olsan saysız-hesabsız mərkəzlər, kurslar fəaliyyət göstərir. Fəaliyyət göstərən dil öyrətmə mərkəzləri adətən qısa müddətdə xarici dildə danışıq vəd edir. Həmin kurslar “3 aya səlis danışıq öyrədirik”, “5 aya yüksək nəticə ilə sertifikat əldə et” tipli şirnikləndirici cümlələrlə özlərini reklam edirlər. Maraqlıdır, 3 və ya 5 ay ərzində bir dili mükəmməl öyrənmək olarmı?
“Dil kursları tələbələrə bu müddət ərzində ən çox işlək olan sözləri və cümlələri əzbərlədir, bununla da…”
Xarici dil mütəxəssisi Mirvari Əliyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünyanın heç bir ölkəsində dil kurslarında akademik danışıq, yazı bacarıqları formalaşdırılmır: “Dil kursları yalan vədlər verib müştəri cəlb edirlər. Dil kursları bir müştərini daha uzun müddətdə əllərində saxlamaq üçün daha çətin suallar tərtib edirlər. Bəzi dil kursları səviyyəni bəlli etmək üçün çətin suallar` tərtib edirlər ki, uşaqların nəticələri aşağı olsun və kurs üçün hazırlıq ayının müddəti, nəticədə bir abituriyentdən əldə edə biləcəkəri qazanc daha çox olsun. Təbii ki, bu kurslar kommersiya maraqlarına xidmət edir. Bu kurslar özlərini yalandan reklam edərək qısa müddətdə yüksək nəticə üçün vəd verirlər. Bəzən hətta 3 aya ingilis dili öyrənməklə bağlı vədlər verirlər. Təəssüflər olsun ki, gəlir qazanmaq üçün real olmayan vədlər kifayət qədərdir. Həmin kurslar tələbələrə bu müddət ərzində ən çox işlək olan sözləri və cümlələri əzbərlədir. Bununla da tələbələrə dili öyrətdiklərinə inandırmaq istəyirlər. Heç kim bir dili 3 ay ərzində mükəmməl bir şəkildə öyrənə bilməz. Dünyada da belə bir təcrübə yoxdur. 3 ay ərzində sadəcə gündəlik işlənən bəzi sözləri və cümlələri mənimsəmək olur”.
Günel CƏLİLOVA