Paşinyan Zəngəzurda "məğlubiyyəti qələbəyə çevirmək" kursu götürdü...
Ramil Məmmədli: “Əgər bundan sonra Ermənistanı iqtisadi cəhətdən irəliyə aparacaq layihələri nəzərdə tutsaydı, bu yöndə əməli addımlar atardı”
Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzura səfəri zamanı belə bir ifadə işlədib: “İlk dəfə belə bir şeyi deməliyəm: Hamımızın məğlubiyyət hesab etdiyimiz şeyi bu gün biz qələbəyə çevirmək yolundayıq və ya bu məğlubiyyəti qələbəyə çevirmək imkanımız var”.
Aydındır ki, Paşinyan məğlubiyyət deyəndə Azərbaycanın tam olaraq ərazi bütövlüyünün təmin olunmasını deyir. “Bunu qələbəyə çevirmək imkanımız var”,- deməklə Paşinyan nəyi nəzərdə tutur?
Hərbi-siyasi şərhçi Ramil Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, son bir həftə ərzində Naxçıvan, ardınca Kəlbəcər istiqamətində atəşkəsi pozmaları Ermənistanın sülhə meylli olmadığını aydın göstərir: “Atəşkəs pozulursa, demək, əməliyyatların başlanması ehtimalı həmişə var. Ermənistan rəsmilərinin verdikləri açıqlamalarda da ikibaşlı mövqe var. Mirzoyan deyir ki, bir aya sülh sazişini imzalamağa hazırdırlar, ancaq konstitusiyalarını hələ də dəyişməyiblər.
Ermənistanın ikili oyunu yaxşı nəticələr vəd etmir və Azərbaycan onların müharibə ritorikasını açıq-aydın görür.
Ermənistan məqsədli şəkildə sülh prosesini uzadır. Bunun müqabilində sürətli silahlanmaya gedirlər. Fransadan “Sezar” haubitsaları almaları açıq müharibə ritorikasıdır. Əgər sülh sazişi imzalanacaqsa, Ermənistanın təhlükəsizliyi sülh sazişi ilə təmin olunacaqsa, belə silahları niyə alır?
Hər şey Ermənistanın şərti sərhəddəki davranışından, silahlanma ilə bağlı qərarlılığından asılıdır. Yəni Ermənistan atdığı addımların nəticəsinə hazır olmalıdır. Paşinyan “məğlubiyyəti qələbəyə çevirmək” deyəndə çox güman ki, bunları nəzərdə tutur. Əgər bundan sonra Ermənistanı iqtisadi cəhətdən irəliyə aparacaq layihələri nəzərdə tutsaydı, bu yöndə əməli addımlar atardı. Ən azından kommunikasiyaların açılması, konkret olaraq Zəngəzur dəhlizi ilə bağlı konstruktiv qərar verərdi. Təəssüf ki, bunları görə bilmirik. Demək ki, Paşinyanın ürəyindən xoş olmayan hisslər keçir”.
Məhəmmədəli QƏRİBLİ