Xaricdən 5 manata idxal olunan kolbasa marketdə 20 manata satılır…
Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 823,6 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar idxal edilib. İdxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri 2,9 dollar (4,9 manat) olub.
Qeyd edək ki, idxal olunan kolbasanın 82%-i və ya 1 450 tonu Rusiyadan gətirilib. Rusiyadan idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri isə 2,4 dollar (4,1 manat) olub.
Onu da qeyd edək ki, xaricdən idxal olunan kolbasaların 1 kiloqramının orta satış qiyməti marketlərdə 21 manat təşkil edir. İdxal kolbasalar marketlərdə gömrük dəyərindən (ölkəyə daxil olma qiyməti) 4 dəfədən çox baha satılır.
Maraqlıdır, xaricdən 5 manata gətirilən kolbasalar marketlərdə niyə 20 manatdan baha satılır?
Akif Nəsirli: “Təlabat artsa da təklif o qədər də geniş deyil, təklif az olduğu üçün idxal məhsulların qiyməti bahalaşır”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ət məhsulları bazarında kifayət qədər saxta məhsul var. Bu saxta məhsullar haqqında da internet üzərindən çox ciddi araşdırmalar aparılır: “Sosial mediada bu barədə kifayət qədər material var. Buna görə də alıcı yerli məhsulu almaq istəmir. Böyük əksəriyyət idxal olunan ət məhsullarına üstünlük verir. Kolbasa və sosiska ilə bağlı hələ də nostalji düşüncələr qalır. Əhali "Rusiya kolbasasanın" daha keyfiyyətli olacağını düşünür. Bu səbəbdən də idxal olunan kolbasa məhsullarına tələbat çoxalıb. Təlabat artsa da təklif o qədər də geniş deyil. Təklif az olduğu üçün idxal məhsulların qiyməti bahalaşır”
Eyyub Hüseynov: “Xaricdən gətirilən malların marketlərdə baha olmasının səbəbi istehlakçı ilə dövlətin biznes siyasətinin bir-birinə zidd olmasıdır”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xaricdən gətirilən malların marketlərdə baha olmasının səbəbi istehlakçı ilə dövlətin biznes siyasətinin bir-birinə zidd olmasıdır: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. İstehlakçı hüquqlarını qoruyan dövlət orqanı adını dəyişib. Əvvəllər isə bu işə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti baxırdı. Lakin istehlakçı hüquqlarının qorunmasında heç bir iş görmür. Dövlətin qanunlarının sinxron olmaması, bir-birini tamamlamaması bazarı, dövləti, ordunu, biznesi mövcud edən istehlakçıların mənafelərinin diqqətə alınmaması qiymətlərin bu cür anormal formalaşmasına gətirib çıxarır. Ona görə də daim istehlakçılar bundan narazılıqlarını bildirirlər''.
Günel CƏLİLOVA