Fransa BTQ-nin BMT-dəki tədbirində iştirak edəcək bəzi şəxsləri hava limanından buraxmadı - FOTO
Bakı Təşəbbüs Qrupu tərəfindən iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında müstəmləkəçiliyə qarşı mübarizəyə dair keçiriləcək konfransdan əvvəl iştirakçılar və media nümayəndələri üçün məlumatlandırma sessiyası təşkil olunub.
Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev “Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu” adlı konfransda Fransanın və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən nümayəndələr, habelə 40-dan artıq rəsmi şəxs, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak edəcəklərini bildirib. O deyib ki, konfransın təşkilində məqsəd neokolonializmdən əziyyət çəkən xalqların ədalətli mübarizəsini dəstəkləmək, bu sahədə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində onlara dəstək nümayiş etdirməkdir. Elgün Hacıyev, həmçinin dəvət olunmuş bəzi şəxslərin tədbirə qatıla bilməyəcəklərini vurğulayaraq deyib: “Bunun səbəbi Fransa hökumətinin əsas göstərmədən onları öz hava limanlarından buraxmamasıdır. Biz hesab edirik ki, bu, təzyiq vasitəsidir. Lakin onların buraxılmaması bizim mübarizəmizə heç bir mənfi təsir göstərməyəcək. Biz hər zaman müstəmləkələrin ədalətli mübarizəsini dəstəkləyirik”.
Sonra tədbir iştirakçıları təmsil etdikləri ərazilərin üzləşdiyi problemlər, o cümlədən kolonial ölkə tərəfindən insan hüquqlarının pozulması, yeni müstəmləkəçilik meyilləri barədə məlumat verib, sözügedən konfransın öz səslərini dünyaya çatdırmaq üçün çox vacib platforma rolu oynayacağını qeyd ediblər.
Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest son bir ay ərzində Fransa hökumətinin addımlarına görə Yeni Kaledoniyanın çox çətin günlər yaşadığını deyib. “Biz bu gün buradayıq. Bu məsələni beynəlxalq səviyyədə qaldırırıq, Bakı Təşəbbüs Qrupu ilə birlikdə nə edə biləcəyimizi nəzərdən keçiririk. Bu gün burada olmaq bizim üçün çox vacibdir”, - deyə o vurğulayıb.
Braziliya Universitetinin dayanıqlı inkişaf və dekolonizasiya üzrə professoru Luis Felippe də Yeni Kaledoniyada baş verənlərin zorakılıq olduğunu bildirib. Onun sözlərinə görə, müstəmləkəçilik bu gün də davam edir və bizim bir araya gələrək bu barədə danışmağımız çox vacibdir.
“Bonayre” insan haqları təşkilatının vitse-prezidenti Ceyms Finies bonayr xalqının çox çətin dönəmdən keçdiyini deyib. Bildirib ki, dünya bundan xəbərdar olmalı, bu problemin qarşısını almalıdır. “Bu cür tədbirlərlə biz öz səsimizi eşitdirə bilərik. Çünki bizim səsimizi eşitdirə biləcəyimiz platforma, forum yoxdur. Bu, bizim üçün çox vacibdir və sevinirik ki, sabah bu cür imkan əldə edəcəyik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, konfrans BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında Bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün illik iclası çərçivəsində baş tutacaq.
ZÜMRÜD