Serbiya prezidenti xəbərdarlıq etdi - 3-4 ay ərzində böyük bir münaqişə baş verəcək...
Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibənin dünyadakı geosiyasi tarazlığa təsirlərini dəyərləndirən Serbiya prezidenti Aleksandr Vuçiç 3-4 aydan az müddətdə dünyanı ciddi münaqişənin gözlədiyini bildirib.
İsveçrənin "Die Weltwoche" jurnalına müsahibəsində dünya müharibəsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Serbiya lideri deyib: "Üçüncü dünya müharibəsi barədə bir söz deyə bilmərəm, amma böyük bir münaqişədən danışıram. Bu münaqişədən nə qədər uzaqdayıq? İnanıram ki, biz bundan uzaq deyilik. Üç-dörd aydan çox deyil, bunun daha tez baş verməsi təhlükəsi də var”.
Vuçiç Rusiya ilə Ukrayna arasında vəziyyətin hər keçən gün daha da pisləşdiyini bildirib: “Məşhur tarixçi Alan JP Taylorun sözləri ilə desək: “Qatar stansiyanı tərk edib və heç kim onu dayandıra bilməz”. Və bu artıq belədir. Böyük dövlətlər heç nə etməsələr, biz Ukraynada baş verənlərin acı sonunu görəcəyik. Əminəm ki, biz qısa zamanda əsl fəlakət görəcəyik".
Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Ukrayna ordusu Rusiyanın paytaxt Kiyevə doğru irəliləməsinin qarşısını aldıqdan sonra döyüşlər ölkənin cənub və şərqində güclənib, Rusiya şərq və cənubda bir çox əraziləri ələ keçirib.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kremllə Qərb arasında da gərginlik artmaqda davam edir.
TAHİR