Rostovda təcridxanada iki nəzarətçini girov götürən İŞİD-çilər məhv edildi
Rusiyanın Rostov vilayətindəki istintaq təcridxanasında müttəhimlər nəzarətçini və əməliyyat işçisini girov götürüblər.
Federal Cəzaların İcrası Xidmətindən bildirilib ki Rostov vilayəti üzrə Baş İdarəsinin 1 saylı İstintaq Təcridxanasının kameralarından birində saxlanılan müttəhimlər təcridxananın iki əməkdaşını girov götürüblər.
Girovları əsir götürən məhkumlar terror aktları üzrə ittiham olunduqqları açıqlanıb. Onların kimlikləri də açıqlanıb - M. Ş. Saypudinov, A.M. Tsitskiyev, D.V. Kamneyev, T.M. Gireyev, Ş. A. Akiyev, M. Qandoloyev.
Gireyev, Tsitskiyev və Akiyev 2023-cü ilin dekabrında İŞİD-də iştiraka və terror aktının hazırlanmasına görə məhkum ediliblər. Gireyev və Akiyev 18 il, Tsitskiyev isə 18 il yarım həbs cəzasına məhkum ediliblər.
İstintaq təcridxanasını ələ keçirən terrorçular İŞİD-in üzvü olduqlarını təsdiqlədikləri bir neçə videomüraciət hazırlayıblar. Onlara azadlıq və gizlənmək imkanı verilməsini tələb ediblər.
Lakin qısa müddət sonra təcridxananın iki əməkdaşını girov götürən məhkumlar məhv edilib. Federal Cəzaların İcrası Xidmətinin məlumatına görə, xüsusi əməliyyat zamanı cinayətkarlar zərərsizləşdirilib, girov götürülmüş əməkdaşlar heç bir xəsarət almadan sərbəst buraxılıblar.
ZÜMRÜD