Paşinyan Putindən sonra Lukaşenko ilə də düşmən oldu...
Rusiyadan sonra Ermənistan Belarusla da münasibətlərini gərginləşdirir və bu fonda İrəvanla Minsk arasında artıq diplomatik savaş müşahidə olunur. Buna səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi fikirlərdir.
Paşinyan bildirib ki, Aleksandr Lukaşenko prezident olduğu müddətcə əsla Belarusa səfər etməyəcək. Səbəb isə Lukaşenkonun Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsidir: “KTMT üzvlərindən biri bildirir ki, 44 günlük müharibənin hazırlığında iştirak edib, Azərbaycanın qələbəsini təşviq edib, buna inanıb və bunu arzulayıb. Bildirmək istəyirəm ki, Aleksandr Lukaşenko Belarus prezidenti olduğu müddətcə daha ora səfər etməyəcəyəm. Həmçinin bu andan etibarən heç bir Ermənistan rəsmisi də Belarusa səfər etməyəcək“. O bildirib ki, KTMT çərçivəsində münasibətlərdə, məsələn, Belarus özü KTMT-dən çıxmaq qərarına gələrsə və ya Lukaşenko erməni xalqı üçün məqbul qaydada üzrxahlıq etsə, nəzəri olaraq dəyişiklikləri istisna etmək olmaz. Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində mayın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə səsləndirdiyi fikirlər elə o vaxt Ermənistanda böyük əks-səda doğurmuşdu. Həmin vaxt Lukaşenko demişdi: “Mən bir daha düşündüm və müharibədən əvvəl, sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə, sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq lazımdır, onların bəziləri şəhərdə anadan olub, problemlər ola bilər və sair. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir”. Bu açıqlamadan dərhal sonra Paşinyan parlamentdə hökumət saatında çıxışında Belarus prezidentinin söylədiklərinə münasibət bildirərkən deyib ki, Ermənistana qarşı 44 günlük müharibənin hazırlanmasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ən azı iki üzvü iştirak edib: “Mən KTMT-yə üzv olan ən azı iki ölkəni tanıyıram ki, onlar bizə qarşı müharibənin hazırlanmasında iştirak ediblər. Bu ölkələr təbii olaraq bizə, guya kömək göstərdikləri ilə bağlı imitasiya yolu tutdular. Amma bir daha demək istəyirəm ki, müharibə heç də Qarabağa görə deyildi. Çünki mən İstintaq Komissiyasında göstərmişəm ki, onlar Qarabağ məsələsini özləri üçün çoxdan bağlayıblar. Həmin müharibənin məqsədi Ermənistan Respublikası adlı müstəqil dövlətin olmaması idi”. Təbii ki, Rusiyanın bir nömrəli müttəfiqi Belarus KTMT-ni tərk etməyəcək, Lukaşenko da Ermənistandan üzr istəməyəcək. Həmçinin Belarusa hücum Rusiyaya hücumdur. Bu fonda Rusiya da Belarusa qarşı ittihamlara sərt reaksiya verib. Çünki İrəvan Vladimir Putinə qarşı müttəfiqi Lukaşenko üzərindən “yeni cəbhə” açır və Rusiyanı Belarus-Ermənistan seçimi qarşısında qoyur, bununla KTMT-dən çıxmağı asanlaşdırır.
Onu da qeyd edək ki, Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bundan sonra Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib ki, Minsk də Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırır. O vurğulayıb ki, Ermənistanda kimsə xarici düşmən obrazı yaratmaqla diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən mövqe deyil. Baş verənlərə Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski artıq münasibət bildirib: “Biz Nikol Paşinyanın impulsiv bəyanatlarını sakitliklə qiymətləndiririk. Bizi çoxəsrlik tarixi bağlarla bağlayan qardaş erməni xalqına hörmətimizi davam etdiririk”. Onun sözlərinə görə, Belarus Ermənistanda gedən daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır: “Qarşılıqlılıq prinsipinə əsaslanaraq, biz tərəfdaşlarımızdan və müttəfiqlərimizdən də oxşar yanaşmalar gözləyirik, ona görə də Ermənistan rəhbərliyinin nümayəndələrinin Belarus siyasi ekstremistlərinin liderləri ilə təmaslarını bir qədər çaşqınlıqla izlədik. Eyni zamanda, tərəfdaşların və müttəfiqlərin seçimi rəsmi Minskin suveren məsələsidir və bu halda “ya-ya da” yanaşması bizim üçün qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan sonra da əlaqə saxlayacağıq”. Rkspertlər hesab edir ki, Lukaşenko Putinin müttəfiqi kimi Avrasiya İqtisadi İttifaqında daha güclü mövqeyə sahibdir və istisna deyil ki, təşkilatdakı mövqelərindən Ermənistana qarşı istifadə edəcək: Belarus prezidentinin “Ermənistan iqtisadi baxımdan ölmək istəyirsə, onu itirə bilərik” açıqlaması bu baxımdan çox şeyi ifadə edir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində bildirib ki, Ermənistan Qərbin təhriki ilə belə addımlar atır: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən iki ölkənin xalqları arasında çoxəsrlik dostluq çoxdan Vaşinqton və onun müttəfiqlərinin gözündə tikan olub. Qafqaz ölkəsini Avro-Atlantik düşərgəyə çəkmək üçün əhəmiyyətli qüvvələr cəlb edilib”. O xəbərdarlıq edib ki, İrəvana tam sədaqət müqabilində, Avropa İttifaqına üzvlük də daxil olmaqla, qızıldan dağlar təklif olunur: “Ancaq özünüzü aldatmayın: bu cür vədlər sadəcə olaraq neokolonial siçan tələsinin yemidir. Heç kim “elita klubu”nun qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil. Avropa Parlamentinin 2024-cü ilin martında qəbul etdiyi Aİ ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinə dair Qətnamə əslində öhdəlikləri olmayan sıradan bir kağız parçasıdır”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirir ki, İrəvan mövcud problemləri aradan qaldırmalı və regiona sabitlik gətirmək üçün çalışmalıdır: “Dünyada tərəqqi və inkişafdan kənarda qalmamaq üçün indi hamı çoxqütblülükdən danışır. Cənubi Qafqazın bu çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilməsi lazımdır. Bu yaxınlarda həmin erməni siyasi xadimlər bildirmişdilər ki, KTMT Ermənistanı tərk edib. Mən sadəcə aydınlaşdırmaq istəyirəm, KTMT artıq Ermənistana qayıdıb ki, oradan çıxa bilsin? Bu şifahi ekvilibristika ilə istədiyiniz qədər məşğul ola bilərsiniz. Bu, tamamilə ləyaqətsiz və ucuzdur. Dövlətin strateji maraqları, təəssüf ki, regionun hələ vidalaşa bilmədiyi problemlər var. Təhlükəsizlik, strateji əməkdaşlıq, o cümlədən bu regionda sabitliyə əsaslanaraq yaradılmalı olan mülki infrastruktur haqqında gələcək nəsillər naminə düşünmək lazımdır”. Rus siyasi ekspert Yevgeni Mixaylov isə məsələni belə şərh edib ki, Ermənistan problemləri ilə baş-başa qalacaq: “Onda Rusiyanın və Belarusun bu dövləti xilas etməyə qərar verəcəyinə inanmıram. Ermənistan Rusiya və KTMT-dən olan tərəfdaşlarının milli maraqlarına xəyanət edir. Üzvlüyün dondurulmasından sonra atılacaq məntiqi addımın - Ermənistanın KTMT-dən çıxacağı ilə bağlı fikirlərin səsləndirilməsi, əslində, KTMT-yə qarşı iki ildir davam edən bəyanatların və təşkilatın Ermənistanı müdafiə etməməsi ittihamlarının məntiqi sonudur. Yəni bu, Qərbə doğru məntiqli bir gedişdir. Bununla Ermənistan kimi seçdiyini və İrəvan hökumətinin əsas pulu haradan aldığını göstərir. Ermənistan bununla Rusiyanın və onun KTMT üzrə tərəfdaşlarının milli maraqlarına xəyanət edir”.
Tahir TAĞIYEV