Paşinyan strateji tərəfdaş kimi Rusiyanı ABŞ-a rəsmən dəyişdi...
Samir Hümbətov: “O, Rusiya ilə bağlılığı minimuma endirib, ABŞ-la münasibətlərin daha da dərinləşməsinə çalışır”
Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı ilə bağlı açıqlamasına münasibət billdirib. Prezidentin sözçüsü Dmitri Peskov onların KTMT ilə bağlı mövqeyini aydınlaşdıracaqlarını deyib:
“Ermənistana gəlincə, biz onlarla işləməyə davam edəcəyik. Ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik əlaqələrini qoruyub saxlayacağıq”.
Moskva Ermənistanın KTMT-dən çıxmasının bu ölkəni Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyən ABŞ və Avropa İttifaqının planı olduğunu iddia edir. Kreml, bütün bu problemlərə baxmayaraq, erməni tərəfi ilə təkcə KTMT çərçivəsində deyil, həm də ikitərəfli səviyyədə təmaslara hazır olduqlarını bildirir.
Qeyd edək ki, Paşinyan iyunun 11-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Braynla görüşüb. Paşinyanın KTMT-dən çıxmaq açıqlamasını bundan bir gün əvvəl Ermənistanın “ABŞ-la münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıracağını” bəyan etməsindən sonra verməsi də diqqət çəkir.
Əgər Ermənistan-ABŞ münasibətləri strateji müttəfiqlik səviyyəsinə gələcəksə, bu, Rusiya üçün hansı təhlükəni vəd edir?
Siyasi şərhçi Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mövqe Ermənistana asan başa gəlməyəcək: “Paşinyanın ABŞ rəsmisi ilə görüşündə həm Rusiyaya, həm də KTMT-yə qarşı səsləndirdiyi fikirlər, təbiidir ki, Kreml tərəfindən normal qəbul edilməyəcək. Bu, münasibətləri daha da gərginləşdirəcək. Nəzərə almaq lazımdır ki, bir müddət öncə Rusiya Dövlət Dumasının erməni yönümlü deputatı Zatulinin açıqlaması oldu. O dedi ki, Paşinyanın hakimiyyətdə qalması Rusiya üçün qəbuledilməzdir. Bu o deməkdir ki, artıq “bıcaq sümüyə dirənib”. Rusiya Paşinyanı görmək istəmir. Paşinyan da bunu gözəl bilir. Bu səbəbdən də qarşılıqlı ittihamlar artır. Münasibıtlər daha da gərginləşməyə doğru gedir. ABŞ 5 aprel anlaşması ilə bölgəyə silahlı qüvvə gətirəcəksə və hərbi kontingent yaradacaqsa, bu, Rusiya-ABŞ münasibətlərini kəskinləşməsi ilə yanaşı, Moskva ilə İrəvan arasında da gərginliyi artıracaq. Əlbəttə, Rusiya ətrafında ABŞ-ın hərbi varlığını hiss etmək istəmir. Rusiyanın istəyi bölgədə dominant mövqe ilə bağlıdır. Münasibətlər kifayət qədər gərgindir. Paşinyanın planı bölgəyə ABŞ qüvvələrinin gətirilməsidir. Strteji müttəfiqliyə hərbi əməkdaşlıq da daxildir. O, Rusiya ilə bağlılığı minimuma endirib, ABŞ-la münasibətlərin daha dərinləşməsinə çalışır. Rusiya buna hər vəchlə mane olacaq”.
Məhəmmədəli QƏRİBLİ