Ceyhun Bayramov Almaniyada Ukraynanın Bərpa Konfransında çıxış etdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Ukraynanın Bərpa Konfransında iştirak və çıxış edib.
XİN-dən verilən xəbərə görə, çıxışda Ukrayna ətrafında vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, rehabilitasiya proqramları və aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verilib, ölkəmizin bundan sonra da öz müvafiq dəstəyini əsirgəməyəcəyi vurğulanıb.
Azərbaycanın hər zaman Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran nazir Ceyhun Bayramov, ölkəmizin Ukrayna ətrafında yaranmış vəziyyətin ilk günlərindən etibarən hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasını, habelə münaqişənin beynəlxalq hüquq normalarına əsaslanan diplomatik həll yolunun tapılmasını dəstəklədiyini qeyd edib.
Münaqişənin ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğunu bildirən nazir Ceyhun Bayramov, Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb.
Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, ötən il keçirilən Bərpa Konfransından bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib.
Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məkəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı diqqətə çatdılıb.
İşğaldan azad olunmuş ərazilərində mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyi, Ukraynaya minatəmizləmə sahəsində yardım edildiyi bildirilib.
TAHİR