İran indi də Qərbi azərbaycanlıların Ermənistana dönüşündən narahatdır?..
Məhəmməd Əsədullazadə: “Baş verənlər Tehran rejiminin öz əleyhinə işləyəcək”
İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir.
Bunu İran xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Əli Bagiri Kani “CNN Türk” telekanalına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən deyib.
Daha sonra İran rəsmisi bunları qeyd edib: “İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistanla Azərbaycan arasında normallaşmanı dəstəkləyir. Ancaq Tehran regionun demoqrafiyasını və sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir”.
Sərhədlərin dəyişdirilməməsi məsələsini İran indiyə qədər deyir və bu hamıya məlumdur. Ancaq bu dəfə sərhədlə yanaşı, demoqrafik dəyişikliklərdən də bəhs edilir. Nə demoqrafik dəyişikliklər? Olmaya, Qərbi azərbaycanlıların Ermənistana qayıdışını nəzərdə tutur və bunamı etiraz etmək istəyirlər? O baxımdan başqa nə demoqrafik dəyişiklik baş verə bilər ki?
“İran bununla azərbaycanlıların Zəngəzura və Göyçəyə qayıtmalarının əleyhinə olduqlarını göstərir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Məsələ ondadır ki, İran İkunci Qarabağ müharibəsindən sonra regionda yaranan geosiyasi reallıqları qəbul etməkdə “əziyyət” çəkir. Ancaq proseslər Azərbaycanın gündəliyi əsasında davam edir. İlk novbədə Zəngəzur dəhlizinin açılması mütləq şəkildə reallaşacaq. Bunu əngəlləyə bilməyəcəklər. Göründüyü kimi, Qərbi Azərbaycan İcmasının yaradılması Tehran rejimini narahat edir. İran rəsmisi “Tehran regionun demoqrafiyasını dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir” deyəndə ilk növbədə azərbaycanlıların Zəngəzura və Göyçəyə qayıtmalarının əleyhinə olduqlarını göstərir. Yəni işarəni buna edir. O baxımdan hesab edirəm ki, Azərbaycan bununla əlaqədar mütləq şəkildə İrandan izahat tələb etməlidir. Çünki İran soydaşlarımızın geri qayıtması məsələsində Azərbaycanın daxili işinə qarışa bilməz. Azərbaycanla Ermənistan arasında gedən danışıqlara qarışa bilməz. Ancaq əfsuslar olsun ki, gələn siqnallar bunun əksini göstərir. Yəni İran anti-Azərbaycan siyasətinə sadiqdir, Zəngəzur dəhlizinin açılmasına, Qərbi Azərbaycandan olan soydaşlarımızın geri qayıtmasına qarşıdır. Ancaq istənilən halda İranın bu siyasəti iflasa uğrayacaq. Çünki Azərbaycanın apardığı diplomatik siyasət uğurla davam edir. O baxımdan hesab edirəm ki, baş verənlər Tehran rejiminin öz əleyhinə işləyəcək. Nəticədə, nəhayət ki, Tehran reallıqları qəbul edəcək. İran gah Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır və bununla bağlı müəyyən bəyanatlar verir, gah da anti-Azərbaycan ritorikasından geri qalmır”.
Vidadi ORDAHALLI