İranda deputatları meymuna və keçiyə oxşadan karikaturaçı xanıma 6 il həbs kəsdilər
İranın Tehran şəhər inqilab məhkəməsi tənqidçi-karikaturaçı Atena Fərqdanini 6 il müddətinə azadlıqdan məhrum edib. “Radiofarda” xəbər verir ki, bu barədə onun vəkili Məhəmməd Mühimi “X” səhifəsində yazıb. Onun sözlərinə görə, karikaturaçı xanım “müqəddəsləri təhqir etmək” və “rejim əleyhinə təbliğat aparmaq” maddələri üzrə ittiham olunub. Məlumatda deyilir ki, deputatların karikaturasını çəkməsi onun həbsinə səbəb olub. Atina Fərqdani çəkdiyi həmin rəsmdə deputatları meymuna və keçiyə oxşadıb.
Bildirilib ki, Atena Fərqdani karikaturaçı, rəssam və uşaq hüquqları müdafiəçisidir. İlk dəfə 2014-cü ilin sentyabrında İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) kəşfiyyat agentləri tərəfindən həbs edilib. Həmin hadisədən iki ay sonra noyabrda təcridxanada qanunsuz saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirib. Səhhəti pisləşdiyi üçün zaminə buraxılıb.
İran məhkəməsi kürd etnik qrupunun nümayəndəsi din xadimi Məhəmməd Xizrancad barəsində çıxardığı ölüm hökmünü ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib. O, ölkənin “ərazi bütövlüyü və müstəqilliyinə qarşı” fəaliyyət göstərməkdə ittiham olunub.
Mətləb Salahov