Azərbaycanla “soyuq müharibə” aparan ölkələrin adları dəqiqləşdirilir...
Əli Mustafa: “Ölkəmizə qarşı olan dövlətlərin öndə gedəni Fransadır”
Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bəyan edib ki, azı üç ölkə Azərbaycana qarşı soyuq müharibə elan edib:
“İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb. Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir”.
Maraqlıdır, söhbət hansı ölkələrdən gedir?
“Digər iki Avroittifaq dövlətinə gəldikdə isə, burada Belçika və Hollandiyadan söhbət gedir”
Sözügedən məsələyə aydınlıq gətirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında həmin ölkələrlə bağlı bunları qeyd etdi: “Bəli, Avropa İttifaqında, ümumiyyətlə Avropa məkanında anti-Azərbaycan mövqeli bir yanaşma var. Bəzən haqq-nahaq Azərbaycan qınanır. Xüsusən Azərbaycan-Ermənistan münasibətləri, xristian təəssübkeşliyi fonunda sanki erməni həmrəyliyi sərgilənir. Bununla əlaqədar doğrudan da ölkəmizə yönəlik haqsız, ədalətsiz mövqe sərgilənir. Prezident də bu məsələyə xüsusi toxundu və 3 dövlətdən söhbət getdiyi məlum oldu. Təbii ki, burada yalnız ehtimalları söyləmək olar. Çünki konkret olaraq həmin ölkələrin adları çəkilmədi. Onlardan birinin Fransa olması zatən bəllidir. Çünki Fransanın ölkəmizə qarşı olan düşmənçiliyi ortadadır. Ona görə ki, Fransanın Azərbaycana qarşı qərəzli, xoş olmayan münasibəti artıq bir tendensiyaya çevrilib. O üzdən, bu dövlətlərin öndə gedəni Fransadır. Digər iki Avroittifaq dövlətinə gəldikdə isə, burada Belçika və Hollandiyadan söhbət gedir. Çünki həmin ölkələr aşırı ermənipərəst mövqedən çıxış edirlər. Ara-sıra bu ölkələrin rəsmiləri, parlamentləri Azərbaycanı hədəf seçir. Ölkəmizə yönəlik yalanlarla çıxış edirlər. Bir sözlə, bu ölkələr Azərbaycana münasibətdə obyektiv olmayan yanaşmaları ilə seçilirlər. O baxımdan hesab edirəm ki, bu 3 dövlətdən söhbət gedir. Təəssüf ki, demokratiya, insan hüquqları dəyərlərinin təmsilçisi kimi çıxış edən Avropa İttifaqının bir sıra dövlətləri erməni yalanlarına ortaq olurlar. Bu, xoş olmamaqla yanaşı, qərəzli tendensiyadır”.
Vidadi ORDAHALLI