4 gün sonra Qəzzada ya qiyamət qopacaq, ya da...
Vüqar Rəhimzadə: “Birləşmiş Ştatlar qərarlı mövqe sərgiləsə, atəşkəsin müddəti uzana bilər”
Fələstinin radikal HƏMAS hərəkatı İsraillə dörd günlük atəşkəs və İsrail həbsxanalarındakı əsirlərin müqabilində saxladığı girovların azad edilməsinə dair razılaşmanı təsdiqləyib.
Bəyanatda razılaşmanın “Qətərlə Misirin yorulmaz və bacarıqlı səyləri sayəsində” mümkün olduğu bildirilib. İsrail hökuməti ilə razılaşmanın bir hissəsi olaraq, hər iki tərəf Qəzza zolağının bütün ərazilərində hərbi fəaliyyətlərin dayandırılmasına zəmanət verib və atəşkəs öhdəliyini götürüb. HƏMAS-ın bəyanatında həmçinin qeyd olunub ki, İsrail ordusu Qəzza zolağının bütün ərazilərində heç kimə hücum etməməyi və ya həbs etməməyi, Səlahəddin şossesi boyunca insanların şimaldan cənuba hərəkət azadlığını təmin etməyi öhdəsinə götürüb.
Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-la “girov müqaviləsi” qərarını “çətin, lakin doğru” adlandırıb. O vurğulayıb ki, Təl-Əviv girovların geri qaytarılmasını prioritet hesab edir.
Ancaq atəşkəslə bağlı birmənalı gözlənti yoxdur. Qorxu var ki, İsrail 4 günlük atəşkəsdən sonra daha dəhşətli müharibəyə başlayacaq. Digərləri hesab edir ki, atəşkəsin müddəti uzadılacaq. Bütün bu deyilənlərin fonunda, 4 gündən sonra Qəzzada nə olacaq?
“İsrail nəyin bahasına olursa-olsun, Qəzzada HƏMAS-ın mövcudluğuna son qoymaqda qərarlıdır”
Məsələ ilə bağlı”Bakı-Xəbər”ə açıqlama verən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, bununla bağlı konkret proqnoz vermək çox çətindir: “Çünki proseslər elə mürəkkəb məcrada inkişaf edir ki, konkret nəyisə demək, proqnozlaşdırmaq çətindir. İsrail nəyin bahasına olursa-olsun, Qəzzada HƏMAS-ın mövcudluğuna son qoymaqda qərarlıdır. Çünki hesab edirlər ki, HƏMAS-ın Qəzzada mövcudluğu davam edərsə, İsrail bir neçə ildən sonra yenidən hücuma məruz qalacaq. O biri tərəfdən HƏMAS ciddi müqavimət göstərir. Bir sıra hallarda mülki əhalidən qalxan kimi istifadə edir. Əməliyyatlarla əlaqədar dağıntıların miqyası böyük, ölənlərin sayı çox olduğu üçün İsrailə beynəlxalq təzyiqlər artır. Üstəlik, İsraildə girovların yaxınları əməliyyatların dayandırılması ilə əlaqədar çağırışlar edirlər. Hesab edirəm ki, İsrailin bir nömrəli müttəfiqi Birləşmiş Ştatlar qərarlı mövqe sərgiləsə, atəşkəsin müddəti uzana bilər. Əks təqdirdə belə bir ehtimal azdır. Baxmayaraq ki, əməliyyatların davam etdirilməsi İsrail üçün də ciddi çətinliklər yaradır. Əlbəttə, Azərbaycan olaraq biz çox istərdik ki, qan tökülməsi dayansın. O üzdən, arzumuz odur ki, sülh, atəşkəs davamlı olsun. Tərəflər ortaq bir yol tapsınlar. Azərbaycan həm İsrailin, həm də Fələstinin mənafeyi baxımından çox istəyir ki, tərəflər arasında tezliklə sülh bərqərar olsun”.
Vidadi ORDAHALLI