Erməni səfir Ukraynada Rusiyanı açıqca “təcavüzkar” adlandırdı
Hüseyn İbrahimov: “Kreml bağlı kanallarla bununla bağlı İrəvandan izahat tələb edəcək”
Ermənistan son vaxtlar Ukrayna müharibəsi məsələsində neytral mövqedən kənara çıxaraq, Rusiyanı qıcıqlandıracaq addımlar atmaqda davam edir. Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan Ukraynanın Buça şəhərinə səfər ediblər.
Ermənistan səfiri burada bəyan edib ki, öz azadlığını müdafiə edən Ukrayna xalqının cəsarəti ilə fəxr edirlər: “Biz Ukrayna xalqının öz azadlığını və müstəqilliyini döyüş meydanında müdafiə edən cəsarəti ilə fəxr edirik. İrəvan şəhəri və Nor-Nork bölgəsi Rusiya təcavüzündən əziyyət çəkən Buça və digər icmalara həmişə dəstək olacaq. Bu humanitar yardım bizim həmrəyliyimizin kiçik bir hissəsidir”.
Göründüyü kimi, erməni səfiri çəkinmədən Rusiyanı təcavüzdə ittiham edib.
“Faktiki olaraq, bununla KTMT üzvü olan dövlət Rusiyanı təcavüzdə ittiham edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov bütün bunları Paşinyan hakimiyyətinin Qərbə doğru apardığı siyasətlə əlaqələndirdi: “Son vaxtlar Ukrayna məsələsində, Qərbə xoş gəlsin deyə, Ermənistan hakimiyyəti bir sıra addımlar atır. Ara-sıra Paşinyan bəyan edir ki, Ermənistan Ukrayna müharibəsində Rusiya ilə müttəfiq deyil. Ukrayna müharibəsinin ilk bir ilində Ermənistan məsafəli davrandı. Ancaq daha sonra Paşinyan bir sıra beynəlxalq tədbirlərdə Ukrayna prezidenti Zelenski ilə görüşlər keçirib. Paşinyan yeganə KTMT üzvü olan dövlətin başçısıdır ki, Zelenski ilə müharibə başlayandan sonra görüşlər keçirir. Məlum məsələdir ki, onun bu addımları Rusiyada xoş qarşılanmır. Ancaq o da sirr deyil ki, Nikol Qərbə arxalanaraq bu addımları atır. Səfirin məlum açıqlaması Ermənistanın Rusiya ilə bağlı “qırmızı xətti” aşması anlamına gəlir. Çünki səfir dövləti təmsil edir və onun istənilən bu kimi fikirləri siyasi məna kəsb edir. Nəzərə almaq lazımdır ki, İrəvanın icazəsi olmasaydı, o bu cür fikirlər səsləndirməzdi. Faktiki olaraq, bununla KTMT üzvü olan dövlət Rusiyanı təcavüzdə ittiham edir. Çünki səfir adi vətəndaş deyil ki, deyəsən, bu onun şəxsi fikirləridir. Hesab edirəm ki, açıq müstəvidə olmasa da, Kreml bağlı kanallarla bununla bağlı İrəvandan izahat tələb edəcək. Ola bilməz ki, bu təsadüf olsun. Düzdür, səfir açıqlamasında açıq və ünvanlı şəkildə Rusiyanın adını çəkməyib. Lakin açıq görünür ki, söhbət Rusiyanın təcavüzündən gedir”.
Vidadi ORDAHALLI