Xəzər Dəniz Gəmiçiliyinin zavodunda faciə - 5 işçi həlak oldu...
Bu gün saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.
Qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
ZÜMRÜD