Naxçıvanın baş memarı topladığı milyonları təslim etdiyi şəxsin adını məhkəmədə çəkdi...
Şəmsəddin Əliyev: “Məhkəmədən sonra hakim müəyyən orqanlara xüsusi qərardad göndərməlidir ki, bu, digər şəxslərə görk olsun…”
Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin sabiq rəisi Hicran Rüstəmovun cinayət işi üzrə məhkəməsinin baxış iclası başlayıb.
Təqsirləndirilən şəxs bildirib ki, dövlət vəsaiti hesabına inşa edilən obyektlərin kimə verildiyini bilməyib: "Biz sadəcə inşa edib, təhvil verirdik. Eyni zamanda, təqribən 2 milyon manat nağdılaşdıraraq, o zaman baş nazir olan Səbuhi Məmmədova vermişəm.
Ümumiyyətlə, həmin vaxt tender olmurdu. Məsələn, tapşırılırdı ki, filan kənddə məktəb tikilsin. Göstəriş verilirdi, tapşırılan şirkət gəlirdi, götürüb tikirdi. Muxtar respublikada sökülən tikintilərə gəlincə isə, həmin tikililərin materialları satılırdı və pulu mənimsənilirdi".
Söhbət ciddi rəqəmlərdən gedir. Bu etirafdan sonra sabiq Baş nazir Səbuhi Məmmədovla bağlı hansı hüquqi addımlar atıla bilər?
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, mövzu kifayət qədər aktuallığı ilə seçilir: “Çox təəssüflə qeyd edirəm ki, dövlətin abadlıq, təmir - tikinti işi ilə bağlı ayırdığı vəsaitlər müəyyən zamanda müəyyən dövlət məmurları tərəfindən mənimsənilir. Eyni zamanda nağd formada götürülərək öz şəxsi hesabları kimi biri digərinə ötürür. Təbii ki, bu kifayət qədər vəzifə cinayəti hesab olunur. Məsuliyyətə cəlb olunsalar da qarşısını almaq mümkün deyil. Burada sabiq baş nazir Səbuhi Məmmədovla bağlı əgər məhkəmələrdə bu şəkildə ifadələr, digər əşyayi-dəlillər, sübut növləri varsa, birmənalı şəkildə Səbuhi Məmmədov cinayət məsuliyyətinə cəlb olunmalıdır. Eyni zamanda, Səbuhi Məmmədov məsulliyyətə cəlb olunmasa, hakimin son məhkəmə istintaqından sonra qəbul etdiyi hökmün də heç bir mənası olmaz. Hökm dövlətin adından çıxarıldığına görə, o, sosial ədaləti bərpa etməlidir. Əgər cəza müəyyən dairəyə şamil olunursa, ancaq əsas hədəf kənarda qalırsa, bu, sosial ədalətin bərpası deyil. Hakim istintaq ərəfəsində Səbuhi Məmmədovla bağlı əldə etdiyi ifadələrə prosessual qiymət verməlidir. Ya işi ayırıb, ibtidai istintaqa göndərməli, ya da məhkəmə ərəfəsində Səbuhi Məmmədovun məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul etməli, məhkəmə zalında da onun haqqında həbs qətmkan tədbiri seçməlidir. Eyni zamanda məhkəmədən sonra hakim müəyyən orqanlara xüsusi qərardad göndərməlidir ki, bu, digər şəxslərə görk olsun, baş verə biləcək digər cinayətlərin də qarşısı alınsın. Bütün bunlar tam olaraq edilməlidir. Hüquqi, demokratik dövlətin korrupsiya ilə canlı mübarizəsinin təzahürü olardı. Təbii ki, ölkə Prezidentinin, milli - mənəvi dəyərlər də daxil olmaqla, daxili siyasətinə önəm verdiyi bir hal hesab olunur. Mən düşünürəm ki, cinayətkarlığın qarşısını almaq, onu doğuran səbəb və şəraiti aradan qaldırmaq təkcə dövlət orqanları üçün yox, həm də məhkəmə hakimiyyəti üçün də önəm kəsb edən faktordur”.
Məhəmmədəli QƏRİBLİ