Ermənistanda "artsax rəmzlərindən" imtina rəqabəti başlayıb - Simonyan müxalifəti qınadı
Mirkazım Seyidov: “Samvel Şahramanyan Qarabağ ermənilərinə çağırış edərək, onları Ermənistanda yaşayıb-yaratmağa çağırıb”
Ermənistan parlamentinin spikeri Alen Simonyan özünün Teleqram kanalında yazıb ki, yeni müxalifət hərəkatı hər cür şəkildə artsax haqqında danışmaqdan yayınmağa başlayıb və “artsax bayraqları”nın toplantılardan itdiyini görürlər:
“Hətta kilsə fəaliyyətini donduran Qalstanyanın şüarı “Ermənistan, Ermənistan, Vətən və artsax” kimi səslənsəydi, daha məntiqli olardı, amma artsax əvəzinə “Tanrı” sözü seçildi. Bizi artsaxdan imtina etməkdə ittiham edən müxalifət artsaxla bağlı gündəmində heç nə saxlamayıb. Baxmayaraq ki, ümumiyyətlə, böyük hesabla yeni gündəm gətirilib – gündəm haqda iki cümlə: “Ay başınıza qar yağsın, bu gözləntilərin davası deyil, görüş gözləyirik, qara deyilik, biz ağıq - ağ paltarda, amma indi bənövşəyiyik, əlimdən öp, dua edək”. Həqiqətən də bu, toxunulmaz bir gündəmdir”.
O bildirib ki, keşişin 2018-ci ilin davranışını və və sözlərini mümkün qədər kopyalamağa çalışması da gülməlidir:
“Ermənistanın baş naziri olmağa ümid edən şəxs ilk növbədə rütbəsindən yox, Kanada vətəndaşlığından imtina etməlidir, baxmayaraq ki, katolikos olmaq üçün, səhv etmirəmsə, başqa ölkənin vətəndaşı olmaq qadağası yoxdur”.
Maraqlıdır ki, Ermənistanın həm iqtidarının, həm də müxalifətinin artsax adından və onun simvolikalarından imtina etdiyi ortaya çıxır.
Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Ermənistan parlamenti müxalifətin “Hayastan” fraksiyasının hazırladığı “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında” bəyanat layihəsini rədd edib:
“Hakim partiyanın parlament çoxluğu Ermənistanın 1 millimetrlik ərazisinin belə heç kimə verilmədiyini əsas gətirərək, sənədin müzakirəsindən imtina edib.
Bəyanat layihəsini 27 deputat dəstəkləyib, 51 deputat əleyhinə səs verib. “Hayastan” fraksiyasının deputatları deyib ki, sərhədin delimitasiyası və demarkasiyasına dair sənədin rədd edilməsi hakimiyyətdə olan partiyanın “Artsax”dan imtina etdiyini bir daha təsdiqləyib. Lakin etimadsızlıq səsverməsinin uğursuzluğundan sonra Köçəryan və onun qrupu “artsax”dan olan məcburi köçkünlərin hesabına hakimiyyətə təzyiq ediləcəyini gözləyirlər. Mitinq iştirakçılarının əksəriyyəti “artsax”ı könüllü tərk edənlər olub. Hakimiyyət görür ki, müxalifət də “artsax”a sahib çıxmır, ona görə rəsmilər səviyyəsində belə bəyanat verir. Ermənistanın həm müxalifəti, həm də iqtidarı bilir ki, “artsax” bundan sonra utopiyadır. Bilməlidirlər ki, belə perspektivsiz işin dalınca düşmək onlara heç nə vermədi, bundan sonra da verməyəcək. Onlar ermənilərin “artsaxa” qayıdışını istəyəcəklərsə, biz də soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını tələb edəcəyik. Bilirlər ki, bu işin də heç bir perspektivi yoxdur. Bu səbəbdən də, saxta ideya ilə manipulyasiya etmirlər.
Qarabağdakı keçmiş qondarma qurumun son “prezidenti” Samvel Şahramanyan Qarabağ ermənilərinə çağırış edərək, onları Ermənistanda yaşayıb-yaratmağa çağırıb. Deyib ki, Ermənistanın onların vətəni olduğunu unutmasınlar. Demək ki, əllərini tam üzüblər, düz də ediblər”.
Məhəmmədəli QƏRİBLİ