Sadır Japarovun Qarabağla addım-addım tanış olmasının başqa mənası var...
Əli Mustafa: “Belə səfərlər türk dövlətləri arasında qardaşlığı daha da möhkəmləndirəcək”
Məlum olduğu kimi, Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanda iki gün səfərdə olub. Səfər çərçivəsində bir sıra görüşlər keçirib.
Bununla yanaşı, Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. Onu burada Prezident İlham Əliyev qarşılayıb. Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Daha sonra iki ölkənin dövlət bşçıları Ağdam şəhərində olublar, burada Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Həmçinin Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Eyni zamanda Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Xıdırlı kənd tam orta məktəbinin təməlini qoyublar. Bildirilib ki, Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir.
Bütün bu deyilənlərin fonunda, Qırğızıstan prezidentinin Qarabağ zonasına geniş tanışlıq səfəri hansı məqsədlərə dəstək verir və ümumən hansı nəticələri olacaq?
“Bu, gələcəkdə türkdili dövlətlərin Qarabağda bərpa və quruculuq işlərində daha yaxından iştirak edəcəyindən xəbər verir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafanın fikrincə, ümumilikdə bunun bir sıra müsbət təsirləri olacaq: “Əvvəla, Prezident Sadır Japarovun Azərbaycana səfəri çox yaxşı hadisədir. Bu, Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələr arasında əlaqələrin dərinləşməsinin göstəricisidir. Artıq neçənci dəfədir Azərbaycan və Qırğızıstan dövlət başçıları qarşılıqlı səfərlər edirlər. Qardaş türk dövlətinin Azərbaycana səfər etməsi, Qarabağda olması önəmli hadisədir. Xüsusən də ermənilərin törətdikləri dağıntıları, vandalizm aktlarını gözü ilə görməsi beynəlxalq ictimayətin də bu məsələyə diqqətini yönəldir. Eyni zamanda Qırğızıstanın maliyyə dəstəyi ilə Ağdamda məktəbin tikilməsi təqdirəlayiq haldır. Bu, türk dövlətləri arasında qoyulan gözəl ənənənin davamıdır. Məsələ ondadır ki, Özbəkistan prezidentinin təşəbbüsü və bu ölkənin maliyyə dəstəyi ilə Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb tikilib. Qazaxıstanın maliyyə dəstəyi ilə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi tikilib. Bu təşəbbüsə Qırğızıstanın da qoşulması olduqca böyük siyasi və mənəvi əhəmiyyət kəsb edir. Bu, həm beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir, həm də bir qardaş köməyidir. Xalqlarımız, dövlətlərimiz arasında yaxınlaşmanın, dostluğun dərinləşməsinin göstəricisidir. Bu, həm də türk dövlətləri birlyinin bir göstəricisidir. Yəni gələcəkdə türkdili dövlətlərin Qarabağda bərpa və quruculuq işlərində daha yaxından iştirak edəcəyindən xəbər verir. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan bu prosesdə iştirak edir. İstisna etmirəm ki, Türkmənistan və Şimali Kipr Türk Respublikası da bu prosesə qoşulacaq. O baxımdan bu, dünyaya verilən bir mesajdır. Bir sözlə, bu səfərlər türkdilli dövlətlər arasında qardaşlığı daha da möhkəmləndirəcək”.
Vidadi ORDAHALLI