Lukaşenko Kiyevə xəbərdarlıq etdi - danışıqların vaxtı çatıb, əks halda Ukraynanın mövcudluğuna son qoyulacaq...
Rusiya ilə Ukrayna arasında sülh danışıqları üçün ən uyğun zaman olduğunu deyən Belarus prezidenti Aleksandr Lukaşenko, İstanbulda əldə edilən razılaşmalarla danışıqlara başlana biləcəyini bildirib.
"Bu, o demək deyil ki, paraflanan bu sazişlər danışıqlar nəticəsində qəbul olunacaq və ya sülh müqaviləsinin əsasını təşkil edəcək. Xeyr. Ancaq onlarla başlayıb irəli getmək olar. Təbii ki, sülh müqaviləsi bu razılaşmaların bir nüsxəsi olmayacaq, sülh sazişi fərqli olacaq" - deyə Lukaşenko bildirib.
Bütün Qərb hərbçilərinin, kəşfiyyat rəhbərlərinin, siyasətçilərin və dövlət başçılarının “Rusiya prezidenti Vladimir Putinin qələbəsinə imkan verilməməlidir” dediklərini xatırladan Lukaşenko bu vəziyyətin danışıqların vaxtının çatdığını göstərdiyini qeyd edib.
Lukaşenko Ukrayna prezidenti Zelenskinin sülh formulu kimi radikal həll variantlarının ortaya qoyulmasına ehtiyac olmadığını bildirib və Rusiyanın nə Krımı, nə də digər bölgələri tərk etməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, danışıqlardan əvvəl qəbul edilməyən təkliflərin irəli sürülməsi heç bir nəticə verməyəcək: "Ukrayna ordusunun əhval-ruhiyyəsini bilirəm. Onlar artıq bu müharibədən yorulublar, lakin müstəqil hərəkət edə bilmirlər. Çünki Zelenskinin arxasında son ukraynalıya qədər döyüşmək istəyən bütün NATO qoşunları, bütün Qərbi Avropa bloku və ABŞ var. Vəziyyət çox ciddidir. Amma məncə, danışıqlar indi aparılmasa, Ukrayna zaman keçdikcə öz dövlətçiliyini itirəcək və mövcudluğuna son qoyulacaq. Ukraynada bu gün sülhə ehtiyac var".
TAHİR