ABŞ-ın gizli şəkildə Ukraynaya uzaqmənzilli raketlər göndərdiyi ortaya çıxdı - Krımı vurdular...
ABŞ Ukraynaya gizli şəkildə 100-dən çox ATACMS raketləri göndərib. “New York Times” qəzeti sözügedən hərbi yardımın mart ayında açıqlanan 300 milyon dollarlıq paketə daxil olduğunu bildirib.
ABŞ daha əvvəl Ukraynaya 165 km mənzilli ATACMS raketləri göndərmişdi. Mart ayında təhvil verilən dəqiq idarə olunan raketlər 300 kilometrdən çox uçuş məsafəsinə malikdir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də ATACMS taktiki raketlərinin gizli şəkildə Ukraynaya verildiyini təsdiqləyib. Pentaqon rəsmisinin Sputnik-ə verdiyi açıqlamaya görə, qurum gizli şəkildə "suveren Ukrayna ərazisi"ndə istifadə üçün ATACMS taktiki raketlərini Kiyevə çatdırıb: “Mən təsdiq edə bilərəm ki, Birləşmiş Ştatlar Ukraynaya uzun mənzilli ATACMS tədarük edib. ABŞ prezidenti Bayden fevral ayında bunu elan etmədən milli təhlükəsizlik komandasına Ukraynanın suveren ərazisində istifadə edilmək üçün ATACMS göndərməyi tapşırıb”.
Sözügedən raketlərin mart ayında açıqlanan və aprel ayında Ukraynaya təhvil verilən hərbi yardım paketinə daxil olduğuna diqqət çəkən rəsmi bildirib ki, Kiyev səlahiyyətlilərinin tələbi ilə çatdırılma ilə bağlı məlumat gizli saxlanıb.
Qərb mediası yazır ki, ABŞ gizli şəkildə uzun mənzilli ATACMS raketlərini Ukraynaya çatdırdıqdan dərhal sonra Kiyev raketlərdən istifadə etməyə başlayıb. Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələri ilk dəfə raketlərdən, ölkəyə gətirildiyi gün - aprelin 17-də səhər saatlarında istifadə edib və Krımda bir rus hərbi bazası hədəf alınıb. Aprelin 19-da isə Rusiya Müdafiə Nazirliyi bildirib ki, müdafiə sistemləri Qara dəniz üzərində üç ATACMS raketini vurub.
Qeyd edək ki, bundan əvvəl Rusiya Vaşinqtonu açıq şəkildə xəbərdar etmişdi ki, Ukrayna ABŞ-dan uzaqmənzilli ATACM raketləri alsa, Rusiya əks addımlar atacaq. Kremlin sözçüsü Peskov bildirib ki, daha uzun mənzilli raketlər göndərilərsə, Rusiya Ukraynada bufer zonası kimi istifadə etdiyi ərazini genişləndirməli olacaq.
TAHİR