Azərbaycan - Qırğız fondu sahibkarlar üçün getdikcə cəlbedici olur...
Vüqar Bayramov: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalının artırılması hər iki ölkənin iqtisadiyyatına olan marağı nümayiş etdirir”
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb: "Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib”.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu inkişaf edir. Buna səbəb isə müraciət edən sahibkarların çox olmasıdır. Bu maraq nə ilə izah olunur ki, Azərbaycan və Qırğızıstana investisiya qoymaq istəyənlər çoxalır?
“İki ölkə arasındakı münasibətlər Azərbaycan və Qırğızıstanın iqtisadi inkişafına töhfə verməklə, ölkələrarası ticarət dövriyyəsinin inkişaf etməsinə səbəb olur və olacaq”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanla Qırğızıstan arasındakı münasibətlər dərinləşib. Eyni zamanda, hər iki ölkə arasında investisiya qoyuluşunda artım müşahidə olunur. Bu isə olduqca əhəmiyyətlidir: “Nəzərə almaq lazımdır ki, əməkdaşlığın gücləndirilməsi hər iki ölkə iqtisadiyyatına sərmayənin cəlb olunmasına şərait yaradır. Bu, ölkələrin iqtisadi inkişafı baxımından əhəmiyyətlidir. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalının artırılması hər iki ölkənin iqtisadiyyatına olan marağı nümayiş etdirir. Bu bir daha təsdiq edir ki, iki ölkə arasındakı münasibətlər Azərbaycan və Qırğızıstanın iqtisadi inkişafına töhfə verməklə, ölkələrarası ticarət dövriyyəsinin inkişaf etməsinə səbəb olur və olacaq”.
Günel CƏLİLOVA