İrəvan Bakıdan qaz almaq istəyir - "müzakirə etməyə hazırıq..."
İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır. Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Fikrimcə, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbət hal olar. Bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız təbii qazın bir hissəsi Azərbaycan qazıdır", - o qeyd edib.
Qeyd edək ki, aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırarkən "Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Potensial qaydada xüsusən də, Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı", - fikirlərini səsləndirib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.