Heydər Əliyevin irsinə birgə hörmət Bakı-Moskva əlaqələrində təsirli faktora çevrilib…
Qabil Hüseynli: “Heydər Əliyev müstəqillik dönəmində də Rusiya ilə münasibətlərə xüsusi önəm verib, hər zaman balanslı münasibətlərin qurulmasını təmin edib”
Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur.
Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir.
Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Xüsusi vurğulanmalıdır ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb.
SSRİ zamanı nəhəng layihənin uğurla başa çatdırılmasına rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin xidmətləri daim ehtiramla yad olunur. Belə ki, 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib, onun xatirə lövhəsi açılıb. Rusiya rəsmiləri Ulu Öndər Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisində xidmətlərini daim dərin ehtiramla vurğulayırlar.
Heydər Əliyev irsinə Rusiyada münasibət iki ölkənin münasibətlərində hansı rola malikdir?
Bir vaxtla Heydər Əliyevin tabeliyi altında işləmiş politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Heydər Əliyev Siyasi Büroya üzv seçiləndən sonra onu SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini təyin etdilər: “Həmin vaxt Baykal Amur Magistralının (BAM) tikintisinə məsul şəxs kimi təhkim etdilər. Mən özüm zamanında Moskvada və Minskdə olarkən, oradakı müəyyən vəzifəli şəxslərdən eşidirdim ki, Heydər Əliyev qısa bir müddət ərzində BAM-ın tikintisində əsaslı dönüş yaratdı. Demək olar ki, tikinti dayanmışdı. İki aydan sonra BAM-ın tikintisi bərpa edildi. Onun rəhbərliyi altında BAM min kilometrə yaxın uzandı. Qorbaçov mane olmasaydı, həmin yol gedib Vladivostoka kimi uzanacaqdı. Heydər Əliyev bir neçə dəfə həmin tikinti meydaçalarına birbaşa gedirdi. Onun bu xidmətləri misilsizdir və tarixə də düşüb. Özünü SSRİ-nin varisi sayan Rusiya bu parametrlərə xüsusi önəm verir. Təbiidir ki, Heydər Əliyev faktoru iki ölkənin münasibətlərinin normal inkişafına əlavə impuls verir.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə bu mövzuya bir daha toxunublar.
Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür edən Prezident Anqoya qəsəbəsindəki vağzala Ulu Öndərin adının verilməsini xatırladıb. Heydər Əliyev müstəqillik dönəmində də Rusiya ilə münasibətlərə xüsusi önəm verib, hər zaman balanslı münasibətlərin qurulmasını təmin edib”.
Məhəmmədəli QƏRİBLİ