Azərbaycanda çörək ununun tərkibi dəyişdiriləcək...
Unun tərkibinə yeni maddələr əlavə olunacaq. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb.
AQTA sədri bildirib ki, yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək: "Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə, ticarət şəbəkələrində satılan adi unla yanaşı eyni zamanda dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”.
Maraqlıdır, unun tərkibinə yeni maddələrin əlavə olunmasının nə kimi müsbət və mənfi təsirləri olacaq? Bu yenilik un məmulatlarının qiymətinə təsir edəcəkmi?
Xalid Kərimli: "Bu yenilik çörəyin qiymətinə təsir etməyəcək"
İqisadçı ekpsert Xalid Kərimli hesab edir ki, bu yenilik çörəyin qiymətinə təsir etməyəcək: "Hazırda dünyada son bir ildir un qiymətlərinin ardıcıl ucuzlaşması müşahidə olunur. Ukrayna taxılının Qara dəniz ticarətinə məhdudiyyət qoyuldu. Amma məhsuldarlığın artması, anbar qalıqlarının yüksək olması un qiymətlərini yüksək səviyyədə saxlayır. Bu baxımdan güman getmirəm ki, bu cür tədbirlər çörəyin qiymətinə təsir etsin. Əksinə, çörəyin qiymətində hələ də ucuzlaşma ola bilər. Yəni belə bir ehtimalın olması daha yüksəkdir".
Üzeyir Məmmədov: "Unun zənginləşdirilməsi üçün dəmir tərkibli mineral maddələrin əlavə olunması orqanizmində dəmir çatışmazlığı olan insanlar üçün xüsusi əhəmiyyət kəsb edir"
Qida eksperti, texnoloq Üzeyir Məmmədov "Bakı-Xəbər"-ə şərhində bildirdi ki, unun zənginləşdirilməsi üçün dəmir tərkibli mineral maddələrin də əlavə olunması orqanizmində dəmir çatışmazlığı olan insanlar üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, qan azlığından əziyyət çəkən şəxslər üçün də müəyyən qədər faydalı olacaq və problemin qismən aradan qaldırılmasına kömək edəcək: "İnsanlarda immun sistemləri eyni olmadığına görə, tərkibi zənginləşdirilmiş un və çörək məhsullarından istifadə etmək tövsiyə olunur. Unun zənginləşdirilməsi onun emalı zamanı itirilmiş komponentlәrin bərpa olunmasını təmin edir. Zәnginlәşdirilmiş unun istifadәsi orqanizmә mәnfi tәsir göstәrmir. İnsanın gündəlik qəbul etdiyi qidaların arasında un məmulatlarının xüsusi yer tutması onun keyfiyyətinin, qidalılıq dəyərinin və çeşidlərinin artırılmasını tələb edir. Un məmulatlarının keyfiyyəti və istehlak xüsusiyyəti onların bişirilməsindən asılı olaraq dəyişir".
Günel CƏLİLOVA