36 il əvvəl nəyəsə imza atmış Musa Məmmədov da ermənilərə kömək edə bilməyəcək...
Elşən Manafov: “Guya 4 kəndlə bağlı o vaxt hansısa qərarın verilməsi erməni tərəfinin uydurmasıdır”
Hüquq elmləri doktoru, keçmiş ədliyyə naziri Gevorq Danielyan Qazaxın 4 kəndinin qaytarılması məsələsinə toxunub. O iddia edib ki, guya 12 yanvar 1988-ci ildə Azərbaycan həmin kəndlərin Ermənistana verilməsinə razılıq verib:
“Baş nazirin müavininin Tavuşda demarkasiya və delimitasiya nəticəsində 4 kəndin təslim olması barədə sənədə imza atması xəbəri Azərbaycanda təsvirolunmaz bayrama səbəb oldu. 1988-ci il yanvarın 12-də analoji vəzifədə olan mərhum Vladimir Movsisyan da azərbaycanlı həmkarı ilə adıçəkilən kəndlərin Ermənistan SSR-ə verilməsi haqqında sənəd imzalamışdı ki, bu da artıq Almatı bəyannaməsi üçün əsas idi, hansı kı, indi açıq-aşkar əsassız bir şərhlə dövlət sərhədlərinin hüquqi əsası kimi qoyulur. Və əgər onun həmkarı Məmmədov qısa müddət sonra Azərbaycandan qaçıbsa, Movsisyan təəssüf ki, yalnız Azərbaycan kəndinin sakinlərinin ondan qisas almağa cəhd etdiyi ağır insidentlə yadda qalıb”.
Daha sonra Danielyan iddia edib ki, problemin hüquqi tərəfi demək olar heç kəsi maraqlandırmır: “Hər şey sırf daxili müstəvidə aparılan siyasət məsələsinə çevrilib, amma bir daha xatırladıram ki, Konstitusiyanın 116-cı maddəsinə əsaslanaraq, siyasi və hərbi xarakterli beynəlxalq sənəd üzrə hər hansı məmurun imzası parlamentdə ratifikasiya olunmayana qədər hüquqi qüvvəyə malik deyil və ərazi dəyişiklikləri məsələsi (dəyişikliklər üçün ərizə artıq verilmişdir) müstəsna olaraq referendum yolu ilə həll edilə bilər. ..”.
Maraqlıdır, doğrudanmı 1988-ci ildə belə bir qərar verilib? Verilibsə, o zaman bununla bağlı fakt varmı? Azərbaycanda o adda baş nazir müavini olmuş şəxslərdən biri də Əsgər Məmmədov olub, amma o, bu vəzifəni 1993-1994-cü ildə icra edib. O zaman Musa Məmmədov müavin olsa da onun belə bir səlahiyyəti yox idi.
“Paşinyan son prosesləri yaxşı bildiyindən anlayır ki, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması məsələsi qaldırılsa...”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Eşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki ölkə arasında həllini gözləyən mühüm məsələlərdən biri sərhədlərin demarkasiyası ilə bağlıdır.Tavuş rayonunda məlum 4 kəndin Azərbaycana qaytarılması ilə baglı Ermənistanla əldə edilmiş razılıqdan sonra inamla demək olar ki, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində tərəflər arasında ilk ciddi razılıq əldə edilib. Söhbət Ermənistanın Tavuş vilayəti ilə sərhəddə, Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir. Onlar əsasən məskunlaşmayib və bu ərazilərdə hazırda yaşayış yoxdur. Ermənistan 4 kəndi verməyə razılıq versə də, özunə məxsus 31 kəndin guya ki, Azərbaycanın işgalı altında olduğunu iddia edir. Rəsmi Bakı dövlət sərhədlərinin demilitasiyası keçirilməmiş 31 kəndin Ermənistana aid olması ilə bağlı fikirləri əsassız hesab edir. Azərbaycan anklav kəndlərin qeyd-şərtsiz geri qaytarılmasını, digərlərinin isə delimitasiya məsələlərinə aydınlığın gətirilməsindən sonra geri qaytarıla biləcəyini söyləyir. Paşinyanın açıqlamalarına baxmayaraq, kənd sakinləri olan ermənilər kəndlərin qaytarılmasından ehtiyat edirlər. Çünki Ermənistanı Gürcüstanla birləşdirən yol bu kəndlərin yaxınlığından keçir. Digər tərəfdən, Ermənistanı qazla təmin edən kəmər də bu ərazidən keçir. Erməni tərəfi demilitasiya prosesinin təkcə texniki əsaslarla, yəni xəritələrlə aparılmasını deyil, həm də siyasi əsaslara söykənməyin tərəfdarıdır. Söhbət isə Almatı bəyannaməsindən gedir. Bakı demarkasiya və delimitasiya işləri aparılmadığından indiki sərhədləri şərti hesab edir. Rəsmi Bakı siyasi coğrafiya ilə bağlı məsələni qabardaraq, Tavuş ərazisinin vaxtilə Moskvanin təzyiqi ilə onlara pay verildiyi məsələsini qaldırır. Doğrudan da, 1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 hektar torpaq sahəsinə iddia irəli sürüb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro iclasında bu məsələ müzakirəyə çıxarılıb və 12 noyabr 1984-cü il tarixli qərarla bəlli ərazilər Ermənistana pay olaraq verilib. Söhbət hansısa kəndlərdən yox, 1675 hektar ərazidən gedir. Qazaxın məlum 4 kəndi isə 1992-ci ildə işğal edilib. Paşinyan son prosesləri yaxşı bildiyindən, anlayır ki, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması məsələsi qaldırılsa (hazırda Qərbdən fərqli olaraq Rusiya bu layihəni dəstəkləyir), onda beynəlxalq hüquqa görə erməni sakinləri də məskunlaşdıqları kəndləri boşaltmalıdılar. Ona görə də Paşinyan bu kəndlərin erməni kəndləri kimi Azərbaycan tərəfindən tanınmasına çalışir. Kəndlərin zamanında Azərbaycandan olan nazir müavini tərəfindən guya ki, Ermənistana verilməsi ilə bağlı psevdo məlumatlar da buna görə danışıqlar masası üzərinə çıxarılır. 1988-ci ildə həqiqətən də kəndlərin verilməsi ilə bağlı rəsmi qərar olsaydı, bunu hamı bilərdi. Bunu gizlətmək mümkün olmazdı. O baxımdan, guya 4 kəndlə bağlı o vaxt hansısa qərarın verilməsi erməni tərəfinin uydurmasıdır”.
Vidadi ORDAHALLI