Qarabağın tarixində 2-ci fakt - Əliyev növbəti nümunəni yaratdı...
Daşdəmir Əliyev: “Prezident Əliyevin yaratdığı bu reallıqlar həm də bütün dünya tərəfindən təqdir edilir”
Azərbaycanın 4 kəndinin qaytarılması ilə bağlı razılıq əldə olunub. Qeyd edək ki, kəndlərin heç bir güllə atılmadan sülh yolu ilə özümüzə qaytarılması daha çox diqqəti çəkir və təqdir edilir. Çünki müharibə heç kimə xeyir gətirmir. Birinci belə hal 44 günlük müharibədən sonra yaşandı. Həmin vaxt Ağdam, Laçın və Kəlbəcər kimi böyük rayonlar da döyüşsüz özümüzə təhvil verildi.
Müzəffər Prezident İlham Əliyevin yaratdığı bu 2-ci nümunə hərb tarixi üçün necə dəyərləndirilə bilər?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın qeyri-anklav dörd kəndi 34 il sonra heç bir qarşıdurmasız və qurbansız Azərbaycana qaytarmağa razılaşması Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində nə qədər ardıcıl və prinsipial mövqe tutmasının növbəti təzahürüdür: “İlham Əliyev 4 kəndi çox usta siyasət sayəsində Azərbaycana qaytarmağa nail oldu.
Bundan əvvəl biz Laçın kimi strateji şəhəri, Kəlbəcər və Ağdam kimi çətin relyefi və böyük əraziləri olan rayonları da bir güllə atılmadan, şəhid vermədən azad etdik. Bütün bunlar Prezident İlham Əliyevin böyük xidməti və siyasi-diplomatik qələbəsi, tarixi hadisədir.
İşğal dövründə bütün təzyiqlərə rəğmən Azərbaycan xalqı sınmadı, mətinliyini, mübarizliyini qorudu. 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşlərində, Vətən müharibəsində, 2022-ci ilin sentyabr döyüşlərində Vətənə sonsuz sədaqət və məhəbbətlə bağlanan Azərbaycan övladları düşməni heyrətləndirən misilsiz qəhrəmanlıq nümunələri yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə və qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində torpaqlarımız azad edildi. Kapitulyasiyaya imza atmağa məcbur olan Ermənistan Ağdam, Kəlbəcər və Laçından qoşunlarını çıxarmağa razılaşdı. Təbiidir ki, ermənilərin belə addım atmasını, sülh yoluna getmələrinə onları vadar edən vacib amil var. Bilirlər ki, əks halda “Dəmir yumruq” yerindədir. Prezident Əliyevin yaratdığı bu reallıqlar həm də bütün dünya tərəfindən təqdir edilir. Çünki dünyada sülhü yarada bilmək missiyası hər siyasətçiyə nəsib olmur”.
Məhəmmədəli QƏRİBLİ