Sülhməramlıların gedişi əslində ABŞ-ın marağında olmalı idi - bəs narahatlıq nədəndir?..
Samir Hümbətov: “Biz ABŞ-ın beynəlxalq hüquqa hörmət etmədiyinin bir daha şahidi olduq”
ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən deyib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir:
“Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə yatırdığını göstərən heç nə görmədik və payızda Qarabağda baş verən hadisələr də bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”. Patel əlavə edib ki, ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırdır. Göründüyü kimi, ABŞ Dövlət Departamentinin nümayəndəsi sülhməramlıların çıxarılmasını şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirib. ABŞ-ın sülhməramlıların çıxarılmasını alqışlamaması, əksinə, neqativ tərzdə şərh etməsi ABŞ-ın rikayarlığının növbəti göstəricisi sayıla bilərmi?
Əslində, ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür.
ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingenti çıxarmağa çağırıb, 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlayıb.
Belə olduğu təqdirdə, ABŞ bu məsələdə niyə belə riyakar mövqe tutur?
Siyasi şərhçi Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, rus sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmağa başladı: “Ancaq biz beynəlxalq birlikdən reaksiyanı həm belə, həm də fərqli gözləyirdik. Gözləmə səbəbimiz - 30 il müddətində bizə qarşı olan mövqe onu deməyə əsas verir ki, Qərb ölkələri ən kritik məqamda Ermənistanın tərəfini saxlayırdılar. Ona görə gözləmirdik ki, özləri hüququn aliliyindən, insan haqlarından danışsalar da, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış hüquqlarını tanımaq istəmirlər. Bu baxımdan, gözlənilməz reaksiyanı biz qəbul edə bilmirik. Təbii ki, ABŞ-ın Rusiyanın hansı bölgədə olmasından asılı olmayaraq, istər Ukraynada, istər Gürcüstanda - Abxaziya və Cənubi Asetiyada apardığı işğalçı müharibələr zamanı mövqeyi eyni olub. Hətta KTMT-nin Qazaxıstana girməsində də biz gördük ki, orada açıq şəkildə ABŞ qısa müddət ərzində onların Qazaxıstandan çıxmasını istədi. Yəni bu o deməkdir ki, ABŞ Rusiyanın bəzi mövqelərdən çəkilməsinin tərəfdarı idi. Ancaq burda fərqli mövqe göstərəndə, biz ABŞ-ın beynəlxalq hüquqa hörmət etmədiyinin bir daha şahidi olduq. Bu baxımdan, ümumiyyətlə Qərbin tutduğu mövqe bizə onu deməyə əsas verir ki, Qərb açıq şəkildə Ermənistanı dəstəklədi. Bir daha əmin olduq ki, tam olaraq Qərbə etibar etməməliyik, öz imkanlarımız və potensialımız nədirsə, ondan istifadə etməliyik. Münaqişənin bitməsi və Ermənistanla sülhün tam əldə olunması məsələsində mən Qərbə çox da bel bağlamıram. ABŞ Rusiyaya demək istədi ki, sən o ərazidən çıxmamalı idin. Problem də uzunmüddətli və daimi qalardı. Məsələ bundan ibarətdir”.
Məhəmmədəli QƏRİBLİ