"Ekspressbank" 25 milyondan çox depozit itirib - insanlar inanmır, ya...
Əkrəm Həsənov: “Exspressbank” müştərilərinə qarşı ən böyük qanunsuzluq edən banklardan biridir”
“Expressbank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb. 2024-cü ilin I rübündə “Expressbank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3% azalaraq 3 milyon 396 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 3 milyon 441 min manat xalis mənfəət əldə edib.
Bu ilin ilk üç ayı ərzində “Ekspressbank” kiçilib. Belə ki, cari il aprelin 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5% və ya 28.4 milyon manat azalaraq 531 milyon 812 min manata enib.
Maraqlı məqam ondan ibarətdir ki, şirkətlər üç ay ərzində bankdan 25 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3.1% və ya 4.7 milyon manat artaraq 156 milyon 882 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 32.9% və ya 25 milyon 726 min manat azalaraq 52 milyon 550 min manat təşkil edib. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 9.1% və ya 20.8 milyon manat azalaraq 209 milyon 432 min manata enib.
Maraqlıdır, şirkətlər depozitlərini niyə geri çəkib? Bankla bağlı nə baş verir ki, şirkətlər bu addımı atıb? Belə olan halda bankın taleyi necə olacaq?
Suallarımıza cavab tapmaq üçün bank sahəsi üzrə ekspert Əkrəm Həsənova müraciət etdik.
“Əmanətçilər “Ekspressbank”a elə etibar etmir, çünki bu bank elə də yüksək səviyyəli bank sayılmır”
Ə.Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əmanətçilər “Ekspressbank”-a elə də etibar etmir. Çünki bu bank elə də yüksək səviyyəli bank sayılmır: “Əmanətlərin çıxarılması o demək deyil ki, bank bağlana bilər. İstənilən halda bank üçün o qədər vəsaitin geri çəkilməsi yaxşı hal deyil. Onu da deyim ki, “Exspressbank” müştərilərinə qarşı ən böyük qanunsuzluq edən banklardan biridir. “Exspressbank” müştərilərin əlindən qanunsuz olaraq əmlakını alan və sənədlərə imza atdıran bir bankdır. Onsuz da “Exspressbank” heç bir zaman yaxşı bank olmayıb. Düşünmürəm ki, hazırda bank üçün təhlükə var. Ancaq o sistemdən getsə, sistem üçün onun mənfi yox, müsbət təsiri olacaq. Bir faktı qeyd edim ki, bank müştərinin məlumatının olub-olmamasından istifadə edərək qanunsuz sənədlərə qol çəkdirib. Burada söhbət kifayət qədər böyük məbləğlərdən gedir”.
Günel CƏLİLOVA