Sülhməramlılar Qarabağdan çıxdı - Bakı-Moskva gərginliyi barədə proqnozlar puç oldu…
Rusiya sülhməramlılarının Qarabağı tərk etməyə başlaması haqda yayılan məlumatlar artıq rəsmi təsdiqini də tapmış oldu. Hər iki ölkənin ən ali səviyyədə olan rəsmiləri bu məlumatın doğruluğunu təsdiqləyiblər.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan və Rusiya liderləri sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması ilə bağlı qərar qəbul edib: “Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da açıqlamasında bu məlumatı təsdiqləyib. Sosial mediada yayılan kadrlarda onlarla üzərində Rusiya bayrağı dalğalanan zirehli hərbi texnika və yük maşınlarının Tərtər və Bərdədən keçdiyi görünür.
Əslində, baş verən bu hadisə Azərbaycan üçün çox böyük önəm və mahiyyət kəsb edir. Bununla bir daha sübut olundu ki, Azərbaycan olduqca praqmatik və uzagörən siyasi lider tərəfindən idarə olunur. Çünki sülhməramlıların Azərbaycana gəlişi və onların burada mövcudluğundan bəzi xarici və daxili siyasi dairələr ölkəmizə, mövcud hakimiyyətə qarşı bir təzyiq vasitəsi kimi istifadə edirdilər. Daha çox qabardılan tezislər bunlar idi: “Qarabağı ermənilərdən təmizləyib ruslara verdik”, “Sülhməramlılar heç 2025-ci ildə belə Azərbaycanı tərk etməyəcək” və s. Ancaq bu gün baş verən hadisə bir daha sübut etdi ki, cənab Prezident heç kimin dedi-qodularını nəzərə almadan düşünülmüş və uzaqgörən siyasət yürüdür. Prezidentin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, - məşhur fikri bir daha yerinə düşmüş oldu. İş burasındadır ki, hakimiyyətə qərəzli opponentlik edən siyasi dairələr İlham Əliyev hakimiyyətə gələn gündən Qarabağ kartından ona qarşı istifadə etməyə çalışıb. Əvvəl deyirdilər ki, “belə güclü siyasətçidirsə, niyə ərazilərimizi işğaldan azad etmir”. İlham Əliyev isə tələsmirdi, uyğun zamanı və şəraiti gözləyirdi. Nəhayət, belə uyğun zaman yetişdi və 2020-ci ildə Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün Vətən müharibəsinə başladı. 44 gün ərzində işğalda olan ərazilərimizin böyük əksəriyyəti azad edildi. Kəlbəcər, Ağdam kimi böyük rayonlar bir güllə atılmadan nəzarətimizə keçdi. Ancaq bu nailiyyətləri də gözü götürməyənlər vardı. Belələrinin cılız arqumenti bundan ibarət idi ki, belə “yarımçıq” qələbə olmur. Xocalı, Ağdərə, Xocavənd və ən nəhayət Xankəndi niyə bizdə deyil. Prezident 3 il də səbr edib, ərazilərimizi işğaldan tam azad etməyin zamanını gözlədi. 2023-cü ildə bir günlük antiterror əməliyyatı ilə bütün ərazilərimizdə suverenliyimizi tam təmin etmiş olduq. Bununla bir daha sübut olundu ki, biz ölkə olaraq bütün addımları ölçülüb-biçilmiş, düşünülmüş və vahid plan üzrə atırıq.
Sülhməramlıların vaxtından əvvəl Azərbaycanı tərk etməsi iki ölkə arasındakı münasibətlərin normallığından, ölkə rəhbərləri arasında bir-birinə qarşılıqlı inamın ən yüksək səviyyədə olmasından xəbər verir. Bunun heç də bəzilərinin uydurduğu “Rusiyanın Ukraynada vuruşmağa əsgəri yoxdur, ona görə buranı tərk edir” kimi cəfəng proqnozlarla əlaqəsi yoxdur. Məgər Rusiya kimi böyük ölkə müharibə aparmaq üçün 2000 nəfər canlı qüvvənin əlində aciz qalıb? Bununla Rusiya etibarlı bir tərəfdaş kimi ölkəmizə tam güvəndiyini, buradan ona heç bir təhlükənin olmayacağına əminliyini nümayiş etdirdi. Yaxşı olardı ki, daim Rusiyanı işğalçılıqda təqsirləndirən Qərb də adını sülhməramlı qoyduğu, mahiyyəti isə tam başqa olan müşahidə issiyasının Ermənistandan çıxmasına göstəriş versin. Ən azından, yaxşı əməllərdən nümunələr götürməklə, faydalı nəticəyə imza atmış olarlar. İmkan verərlər ki Ermənistanla Azərbaycan kənar müdaxilələr olmadan bir-biri ilə sülh şəraitində yaşamaq üçün razılığa gəlsinlər. Əminliklə deyə bilərik ki, bu qarşılıqlı anlaşma Rusiya ilə Azərbaycan arasındakı münasibətləri daha da möhkəmlədəcək və ölkələrimiz arasındakı etibarı, güvəni gücləndirəcək.
Məhəmmədəli QƏRİBLİ