Hacı İbrahimin "Xəzər adalarının" bəxti açıla bilər - qanun layihəsi hazırdır...
Ilqar Hüseynli: “Xəzər adaları” layihəsinin başa çatması üçün iri investorlarla dövlət arasında razılaşma əldə oluna bilər”
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq. Bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. Belə ki, "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla, 1977-ci ildə müşahidə edilib. Maksimal səviyyə 26 metr olmaqla, 1995-ci ildə qeydə alınıb. 1995-ci ildən bugünə qədər Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir. Xəzər dənizinin suyunun azalması bütün sahilyanı ərazilərimizdə hiss olunur.
Paytaxt Bakı ilə yanaşı, cənub istiqamətində, Astarada dəniz təqribən 20-25 metr məsafədə geri çəkilib. Hazırda Xəzər dənizində səviyyə tarixi minimuma, yəni 29 metrə yaxınlaşmaqdadır. Elmi proqnozlara görə, Xəzər dənizinin səviyyəsi mənfi 33 metrədək enəcək.
Xatırladaq ki, 13 il bundan qabaq maliyyə tutumuna və miqyasına görə böyük səs-küyə səbəb olan bir layihənin təməli qoyuldu. 2011-ci ildə “Avesta” şirkəti 100 milyardlıq “Xəzər adaları” layihəsini ortaya qoyaraq dənizdə yeni bir ada şəhərin salınacağının anonsunu verdi. Burada 1 milyon nəfərin yaşaması planlaşdırılırdı. Bunun üçün lazım olan bütün infrastrukturların qurulacağı da planda öz əksini tapmışdı. Illər sonra maliyyə problemi ilə bağlı çətinliklər yarandı və buna görə tikinti dayandı. Ehtimal etmək olar ki, adıçəkilən qanun layihəsi qəbul olunandan sonra “Xəzər adaları” layihəsi yenidən həyata qaytarılsın. Bu layihənin rəhbərinin kim olmasından asılı olmayaraq, Xəzərdə başladılan məlum iş davam edə bilərmi?
“Süni torpaq sahələri yaradılması ilə bağlı qanun layihəsi “Xəzər adaları”nı yenidən gündəmə gətirə bilər”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əksər dünya ölkələrində dəniz ortasında süni ada yaradılaraq şəhərsalma işləri həyata keçirilir: “Xatırladım ki, 2011-ci ildə “Avesta” şirkəti 100 milyardlıq “Xəzər adaları” layihəsini ortaya qoydu. Ancaq bu layihə maliyyə səbəbindən dolayı yarımçıq qaldı. Hesab edirəm ki, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı dövlətin iki yanaşması ola bilər. Xəzərin ortasında tikintisi yarımçıq qalan layihə başa çata bilər. Bu layihənin məqsədi yaşayış məskəni yaratmaq idi. Məlum işin başa çatması üçün iri investorlar və dövlət arasında razılaşma əldə oluna bilər. Tikinti başa çatarsa şəhərin görkəmi dəyişər. İkinci variant kimi onu deyə bilərəm ki, Xəzərə dənizində olan yarımçıq tikili sökülə bilər. Nəzərə almaq lazımdır ki, istənilən yarımçıq tikili ekoloji və estetik baxımdan problemlər yaradır”.
Həmsöhbətimiz hesab edir ki, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılması ilə bağlı qanun layihəsi “Xəzər adaları”nı yenidən gündəmə gətirə bilər.
Günel CƏLİLOVA