İngilis general Ukraynanın MƏĞLUBİYYƏT TARİXİNİ AÇIQLADI – Rusiyadan böyük hücum gözləyirik...
Rusiya prezidenti Vladimir Putinin 2022-ci ilin fevralında verdiyi hərbi əmrlə başlayan Ukrayna müharibəsi şiddətli toqquşmalarla davam edir. Ukraynanın ehtiyacı olan silahları Qərbdən ala bilmədiyi üçün çətin vəziyyətdə qaldığı bir vaxtda Britaniya Birləşmiş Qüvvələr Komandanlığının keçmiş komandanı general Riçard Barrons diqqət çəkən açıqlamalar verib. General Ukraynanın 2024-cü ildə məğlub ola biləcəyini deyib.
Keçmiş komandan Barrons BBC-yə bildirib ki, Ukraynanın müharibədə uduzması ilə bağlı “ciddi risq” var. Barrons Ukraynanın müharibədə qalib gələcəyini artıq düşünmədiyini, ordunun sursat, əsgər və hava hücumundan müdafiə baxımından kritik dərəcədə çatışmazlığı olduğunu bildirib: "İş bu nöqtəyə gəldikdə, insanlar müdafiə olunmayanları müdafiə etmək üçün niyə daha çox döyüşmək və ölmək istəsinlər?".
General Barrons deyib ki, Rusiyanın cəbhə xəttini vurduğunu, artilleriya, döyüş sursatı və yeni silahlarla gücləndirilmiş canlı qüvvədə beşə bir üstünlük əldə etdiyini görürük: “Bu yay bir mərhələdə Ukrayna xətlərini yarmaq üçün Rusiyanın böyük bir hücumunu görəcəyimizi gözləyirik. Bu baş verərsə, Rusiya qüvvələrinin, Ukrayna ordusunun onları dayandıra bilməyəcəyi bölgələrə girməsi mümkündür".
Londonda yerləşən RUSI analitik mərkəzinin yerüstü müharibə üzrə baş elmi işçisi Cek Uotlinq bildirib ki, Ukraynanın üzləşdiyi problemlərdən biri rusların öz qüvvələrini harada yerləşdirməyi seçə bilməsidir.
Uotlinqin sözlərinə görə, Ukrayna ordusu ərazilərini itirəcək: “Əsl sual budur: Nə qədər və hansı bölgələr təsirlənəcək?"
ABŞ-ın Avropadakı qüvvələrinin komandanı general Kristofer Kavoli də xəbərdarlıq edib ki, ABŞ Ukraynaya daha çox silah və sursat göndərməsə, Kiyev qüvvələri döyüş meydanında vurulacaqlar.
Tahir TAĞIYEV