Rusiya şəkər ixracını dayandırır - bizə də təsiri olacaq...
Xalid Kərimli: “Rusiyanın şəkər ixracına qadağa qoyması Azərbaycan bazarına elə də təsir etməyəcək, çünki…”
Məlum olduğu kimi, şəkərin Rusiya Federasiyasından ixracına qadağa qoyulur. Qadağa 2024-cü il avqustun 31-dək qüvvədə olacaq. Qeyd edək ki, hələ martın ortalarında Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il avqustun 31-dək Rusiya Federasiyasından şəkərin ixracını qadağan edən hökumət qətnaməsi layihəsi hazırlayıb.
Bəllidir ki, ölkəmizin şəkər idxal etdiyi əsas ölkələrdən biri də məhz Rusiyadır. Maraqlıdır, Rusiya Federasiyasının sözügedən qərarı Azərbaycanın daxili bazarına təsir göstərə bilərmi?
“Şəkərin emal olunmasında istifadə olunan şəkər çuğundurunun idxalına ciddi şəkildə ehtiyac var”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yerli istehsal daxili bazarı kifayət qədər təmin edə bilir. Ancaq şəkərin emal olunmasında istifadə olunan şəkər çuğundurunun idxalına ciddi şəkildə ehtiyac var. Bu səbəbdən də bazarın 65-70 faizi idxal hesabına formalaşır: “Yerli şirkətlər də xammalı xaricdən idxal edir. Yerli şəkər çuğunduru təlabətın əhəmiyyətli hissəsini ödəyə bilmir. Eyni zamanda, yerli istehsal olan şəkər çuğunduru yüksək keyfiyyətə malik deyil. Şəkər çuğundurunun yetişməsi üçün hansı bölgənin iqlimi uyğundursa orda istehsal olunur”.
Həmsöhbətimiz hesab edir ki, Rusiyanın şəkər ixracına qadağa qoyması Azərbaycan bazarına elə də təsir etməyəcək. Çünki şəkər idxalında əhəmiyyətli rol Cənubi Amerikaya məxsusdur: “Hazırda ölkənin şəkər tozu ehtiyatı yetərincədir. Yaxın müddət ərzində bu sahədə problemin olması gözlənilmir”.
X.Kərimli bildirdi ki, dünya bazarında şəkərin qiyməti mart ayında 5,4 faiz ucuzlaşıb. Ilin əvvəli ilə müqayisədə şəkərin qiyməti 4.8 faiz bahalaşıb. Bunun da müxtəlif səbəbləri var. Hindistan, Tailand və Braziliyada məhsul yığımı ilə əlaqədar olaraq zamanla şəkərin qiyməti dəyişir. Rusiya dünya bazarında şəkərin qiyməti ilə bağlı diqtə edən oyunçu deyil.
Günel CƏLİLOVA