"Ağır cinayətlər törədənlər istisna olmaqla, Azərbaycan bütün saxlanılanları Ermənistana qaytarıb" - Elnur Məmmədov
Azərbaycan beynəlxalq humanitar hüququn və digər beynəlxalq insan hüquqları normalarının iddia edilən pozuntularını heç bir şəkildə qəbul etmir.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin (Ermənistan Azərbaycana qarşı) İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) (Ermənistan Azərbaycana qarşı) müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələrdə deyib.
"İkinci Qarabağ müharibəsi və ondan sonra ələ keçirilən erməni hərbi qulluqçuları və digər saxlanılanların əksəriyyəti Ermənistana qaytarılıb. Qaytarılmayanlar isə ağır cinayətlərə görə məhkum ediliblər, ya da hazırda hərbi cinayətlər, terrorçuluq və ya separatizmə görə mühakimə olunurlar. Başqa bir sözlə, onların həbsinin davam etməsinin irqi ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur", - deyə E.Məmmədov bildirib.x