Yaxın Şərqdə böyük müharibə hər an başlaya bilər - İran İsrailin nüvə obyektlərini də vuracaq, ABŞ hərbi gəmilərini İsrailə göndərdi...
ABŞ mediası "Wall Street Journal" və "Bloomberg" kəşfiyyat mənbələrinə isinadən yazıb ki, İran axşam saatlarında İsrailə cavab zərbəsi endirəcək.
"Wall Street Journal" məlumatlı kəşfiyyat mənbələrinə istinadən İranın İsrail sərhədləri daxilində cənub və ya şimal bölgələrindəki hədəflərə birbaşa zərbə endirməyi planlaşdırdığını qeyd edib. Adı açıqlanmayan ABŞ rəsmisi də deyib ki, İran bir-iki gün ərzində İsrail ərazisinə cavab hücumu təşkil edəcək.
İddia edilir ki, İran Hayfa hava limanı və Dimonadakı nüvə obyekti də daxil olmaqla İsraildəki hədəfləri orta mənzilli raketlərlə vuracaq. Qeyd edilir ki, İran hərbi rəsmilərinin bununla bağlı hazırladığı plan təsdiq üçün dini lider Ayətullah Əli Xameneyiyə təqdim edilib.
Digər tərəfdən, o qeyd olunur ki, İran və müttəfiqləri İsrailin beynəlxalq səviyyədə tanınmış ərazilərinə birbaşa hücum etmək əvəzinə, işğal altındakı Qolanda və ya ərəb ölkələrindəki İsrail diplomatik binalarını hədəf almaq variantını da nəzərdən keçirir.
İsrail mətbuatı İranın qisas alacağı ilə bağlı narahatlıqların olduğunu və İsrailin buna cavab olaraq İran daxilindəki hədəflərə hücum edəcəyini yazıb. Digər tərəfdən, ABŞ-ın qabaqcıl müdafiə sistemlərinə malik döyüş gəmilərinin İsrail sahillərində lövbər saldığı bildirilir.
İsrailin müdafiə naziri Gallant da ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla ilə İranın İsrailə “regional gərginliyə səbəb ola biləcək” mümkün hücumu ilə bağlı danışıqlar aparıb.
Son günlər ABŞ və İsrail orduları arasında ortaq fəaliyyətin artdığına diqqət çəkən İsrailin “Yedioth Ahronoth” qəzeti yazır ki, İsrail ordusu ilə Mossad, İran ərazisindən İsrailə hücum olacağı təqdirdə İrana hücum planı ilə bağlı razılığa gəliblər.
Xəbərdə İranın yüksək səviyyəli komandirlərinin öldürüldüyü hücuma görə qisas almaq niyyətindən əl çəkməyəcəyi və İsrailin İranın mümkün hücumuna qarşı hazır olduğu bildirilir.
Tahir TAĞIYEV