Ermənistan Qubadlı sərhədində atışmaya görə təqsirini rəsmən etiraf etdi...
Ermənistanın Milli Təhlükəsizlik Xidməti erməni sərhədçilərini qaydaları pozmaqda və atışmaya səbəb olmaqda ittiham edib. Trend bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Məlumata görə, erməni sərhədçilər tərəfindən bir sıra hərbi xidmət qaydalarının aşkar şəkildə pozulması faktı ilə bağlı cinayət işi başladılıb.
Qeyd olunub ki, aprelin 10-da Ermənistan MTX-nin müddətli hərbi xidmət keçən hərbi qulluqçusu erməni çobanın azaraq mal-qara ilə Azərbaycan ərazisinə keçdiyini öyrəndikdən sonra xidmət yoldaşları ilə birlikdə özləri sərhədi keçərək mal-qaranı geri qaytarmağa qərar verib və bununla xidmət qaydalarını pozub ki, bu da ehtiyatsızlıq ucbatından mühüm zərər yetirməklə yanaşı, səbəbsiz atışmaya səbəb olmaqla insanların sağlamlığı və həyatını təhdid altında qoyub.
Xatırladaq ki, aprelin 10-da saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq, 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçməsi aşkar olunub.
"Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.
Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilib.