Sabiq səfir Arif Şahmarlı “Brüssel məsələsində” də Azərbaycana qərəzli baxdı...
Arzuxan Əlizadə: “Belə mövqedən çıxış edənlər, necə deyərlər, ermənilərin mənafeyinə xidmət edir”
ABŞ-ın dövlət katibi Entoni Blinkenin və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin öz əshabələri ilə birgə aprelin 5-də Brüsseldə Nikol Paşinyana tərtib etdikləri qəbul Azərbaycana yönəlik bir addım idi.
Toplantıdan dərhal sonra Brüssel danışıqlarının Azərbaycanın əleyhinə olmaması barədə cəmiyyətdə rəy yaratmaq üçün kampaniyaya başlanıldı. Bunların da başında Azərbaycandakı radikal müxalifət və xaricdəki blogerlər, “siyasi məhbus” adıyla fəaliyyət göstərən şəxslər dayanırdı.
Belə şəxslərdən biri də sabiq səfir Arif Şahmarlıdır. A.Şahmarlı iddia edir ki, guya 5 apreldə Brüsseldə verilən açıqlamalar Azərbaycana yox, Rusiyaya qarşı çevrilib. Deməyindən belə çıxır ki, Azərbaycanda bu qədər ictimai, dövlət resursları 5 aprel müzakirələrinə ancaq Rusiyaya qarşı çevrildiyinə görə belə narahatdır. Halbuki, qətiyyən belə deyil. Ən azından ona görə ki, Rusiya-Ermənistan problemləri bunların öz işidir. Burada söhbət ondan gedir ki, 5 aprel Brüssel görüşü Azərbaycanın mənafeyinə qarşı yönəlib və bölgədə sülhü təhdid edir. Azərbaycanın düşməni olan Ermənistana dəstək verirlər. Məsələnin mahiyyəti budur.
“Nə qədər milli maraqlardan uzaq olmalısan ki, bütün bunları görməyəsən...”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, sabiq səfirin yanaşması tamamilə əsassız və məntiqsizdir: “Belə mövqedən çıxış edənlər, necə deyərlər, ermənilərin mənafeyinə xidmət edirlər. Ermənistan baş naziri Paşinyana Brüsseldə göstərilən diqqət, bu ölkəyə edilən yardım birbaşa olaraq ölkəmizin mənafeyinə qarşı yönəlib. Ən azından ona görə ki, işğala məruz qalan, yaşayış məntəqələri viran qoyulan Azərbaycandır. Azərbaycan öz vəsaiti hesabına mərhələli şəkildə kəndləri, şəhərləri bərpa edir. Halbuki, dağıntıların miqyası həddən artıq böyükdür. Ona görə də ölkəmizi maliyyə yardımına daha çox ehtiyacı var, nəinki Ermənistanın. Ermənistanın hansısa kəndi, şəhəri dağıdılmayıb. Ağdam və digər yaşayış məntəqələri kimi yer üzündən silinməyib. Nə qədər milli maraqlardan uzaq olmalısan ki, bütün bunları görməyəsən. Hardan zəmanət var ki, Ermənistan Aİ-nin verdiyi 270 milyon avronu, ABŞ-ın verdiyi 65 milyon dolları hərbi məqsədlər üçün istifadə etməyəcək? Məgər sabiq diplomat bilmir ki, Ermənistanın himayə olunması, silahlanması Azərbaycana qarşı yönəlib? Qərb o zaman ədalətli mövqedən çıxış edərdi ki, Brüsselə Ermənistanla yanaşı Azərbaycanı da dəvət etsin. Dağıdılan yaşayış məntəqələrinin bərpasına vəsait ayırsın. Bunların heç biri edilmir, amma Ermənistan diqqət mərkəzindədir. Heç minaların təmizlənməsi işində belə, Azərbaycana humanitar yardım göstərilmir. Ona görə də bütün bunları görmək istəməmək, bunu Rusiya ilə əlaqələndirmək məntiqdən uzaqdır”.
Vidadi ORDAHALLI