Binaların həyətində parklanma yerlərinin zəbt olunması qanunsuzluq sayıla bilərmi?..
Elxan Əliyev: "Tikilən binalarda mənzillərin sayına uyğun avtomobil dayanacaları olmalıdır, ancaq..."
Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da avtomobillərin sayı günü-gündən artır. Amma avtomobillər çoxaldıqca özü ilə problemlər də gətirir. Bu problemlərdən biri və ən böyüyü də avtomobillərin parklanmasıdır.
Əsasən yaşayış binalarının qarşısında vəziyyət daha kritikdir. Belə ki, yaşayış binalarının qarşısında avtomobil izdihamı müşahidə olunur. Bu da həmin əraziyə təcili tibbi yardım və ya yanğınsöndürən maşınların daxil olmasına maneə törədir.
"Azərbaycanda uşaq meydançalarını park yerinə çevirənlər az deyil, hərə əlinə bir zəncir alıb özünə yer zəbt edir"
Mövzu ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Elxan Əliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Bakıda bəzi yaşayış binalarında avtomobil dayanacaqları ilə bağlı ciddi problemlər var. Binalar tikilir, ancaq avtomobil saxlamaq üçün yer olmur. Binanın sakinləri də məcburiyyətdən, avtomobillərini kənar ərazilərdə saxlayır ki, bu da öz növbəsində tıxacların yaranmasına səbəb olur. Aidiyyəti orqanlar bununla bağlı ciddi bir addım atmalıdırlar: "Tikilən binalarda mənzillərin sayına uyğun avtomobil dayanacaları olmalıdır. Ancaq təəssüf ki, bəzi sahibkarlar çox pul qazanmaq üçün bunları nəzərə almır. Bütün bunlar tikinti planında öz yerini tapmalıdır. Tikilən binalar tikinti planında öz yerini tapmırsa, həmin layihələr öz təsdiqini tapmalıdır. Biznes mərkəzlərinə də eyni tələb olmalıdır. Neçə işçi olacaqsa, ona uyğun parklanma yerləri tikilməlidir. Bu problem getdikcə artır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda uşaq meydançalarını park yerinə çevirənlər az deyil. Hərə əlinə bir zəncir alıb özünə yer zəbt edir. Bu biabırçı hal bir çox ərazilərdə müşahidə edilir: "Onu da deyim ki, yol kənarında avtomobil saxlamaq qadağan edildiyi üçün həmin şəxslər avtomobillərini yaxınlıqda köhnə yaşayış binalarının həyətində park edirlər. Belə olduqda həmin binanın sakinləri öz həyətlərində avtomobil saxlamağa yer tapmırlar. Odur ki, vətəndaşlar birləşib həyətə şlaqbaum qoydururlar. Bu məsələdə daha çox binanın avtomobili olan sakinləri maraqlıdır və maşınsız sakinlərdən də pul alıb şlaqbaum quraşdırmağa çalışırlar. Ümumiyyətlə isə, həyətin bağlanması xoşagələn hal hesab olunmur”.
Ekspert hesab edir ki, yaşayış binalarının qarşısında avtomobil sayının çox olmasının səbəblərindən biri də binaların parklanma yerlərinin baha olması ilə bağlıdır. Parklanma üçün qiymətlər 60-70 manatdan başlayır.
Günel CƏLİLOVA