Siqaret istehsalçıları yerli tütündən məcburi istifadə etməli olacaq - əks halda...
Xalid Kərimli: “Siqaret istehsalçısı tütünü yerli və xarici fermerdən alacağı barədə öncə düşünür və hansı sərfəli gələrsə, onu seçir”
Tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti daxil edilir. Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin son iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyata keçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə riayət etməlidirlər.
Maraqlıdır, tütünçülüklə bağlı qərarın hansı üstünlükləri olacaq? Ümumiyyətlə, bu, siqaretin qiymətlərinə necə təsir edəcək?
“Bu alıcıları maraqlandırmır, onlar üçün məhsulun keyfiyyəti və qiymətin əlverişli olması əhəmiyyətli sayılır”
İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, qərarın mənfi və müsbət tərəfləri var: "Müsbət tərəfi ondan ibarətdir ki, yerli xammal istehsalçıları üçün satış bazarı formalaşacaq, onların gəliri artacaq. Ancaq bu alıcıları maraqlandırmır, onlar üçün məhsulun keyfiyyəti və qiymətin əlverişli olması əhəmiyyətli sayılır. Onu da deyim ki, bu qərar rəqabəti pozacaq, alışda məcburiyyət yaranacaq. Yəni resursların səmərəliliyinə problemlər törədir. Məsələn, siqaret istehsalçısı tütünü yerli və xarici fermerdən alacağı barədə öncə düşünür və hansı sərfəli gələrsə, onu seçir. Alıcılara görə pis, tütün fermerləri baxımından əlverişli qərardır. Əlavə olaraq yerli tütünün keyfiyyəti uyğun olmazsa, rəqabət apara bilməyəcək. Çünki siqaret idxalını məhdudlaşdırmır, tütün istehsalçılarını xammalı yerli fermerlərdən almağa məcbur edir. Fikrimcə, bunu doğru addım hesab etmək olmaz".
Günel CƏLİLOVA