Azərbaycan Şimali Kiprin tanınmasına doğru daha bir addım atdı...
Hikmət Babaoğlu: “Milli Məclisin məlum qərarı digər türk dövlətləri təşkilatlarına üzv olan ölkələrin parlamenti üçün çağırış, nümunə olmalıdır”
Milli Məclisin ötən iclasında Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması ilə bağlı qərar müzakirəyə çıxarılaraq qəbul olunub.
İşçi qrupun yaradılması əlaqələrin möhkəmləndirilməsi istiqamətində növbəti addımın atılması kimi yüksək qiymətləndirilir.
“Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması formalaşmaqda olan yeni dünya nizamına güc qatacaq”
Millət vəkili Hikmət Babaoğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, beynəlxalq münasibətlər sistemində çox mühum hadisələr baş verir. Hər bir ölkə öz milli siyasətini müəyyənləşdirərkən, milli maraqlardan çıxış etməklə öz təhlükəsizliyini təmin edir: “Ölkə başçısı İlham Əliyev andiçmə mərasimində çıxış edərkən bildirib ki, bizim ailəmiz türk dünyasıdır və xarici siyasətin əsas qolu türk dövlətləri ilə əməkdaşlıqdır. Məlumdur ki, Şimali Kipr Türk Cumhuriyyəti Türk dövlətləri təşkilatına Azərbaycanın dəstəyi ilə müşahidəçi statusuna qoşulub. Hazırda Şimali Kipr Türk Cumhuriyyəti ilə əlaqələrin daha da dərinləşməsi üçün parlamentlərarası işçi qrupun yaradılması gözlənilir. Prezident İlham Əliyev onu da deyib ki, biz türk dövlətləri ilə münasibətləri institutlaşdırmalıyıq. Yəni Avropa Birliyinin bənzəri olan xüsusi təşkilata çevrilməlidir. Bu səbəbdən də təhsil, mədəniyyət yuvası hesab olunan Şimali Kipr Türk Cumhuriyyəti ilə əlaqələrin dərinləşməsi zərurəti yaranıb”.
Millət vəkili onu da əlavə etdi ki, Şimali Kipr Türk Cumhuriyyəti də Azərbaycanla bənzər tarix yaşayıb. Çünki onlar da öz cumhuriyyətlərini yaradıblar.
H.Babaoğlu hesab edir ki, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması formalaşmaqda olan yeni dünya nizamına güc qatacaq. Milli Məclisin məlum qərarı digər türk dövlətləri təşkilatlarına üzv olan ölkələrin parlamenti üçün çağırış, nümunə olmalıdır. Nəticə olaraq ortaq əməkdaşlıqdan söhbət gedir: “Zənnimcə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması tarixi bir addımdır. Beləliklə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti əlaqələri yeni bir keyfiyyət mərhələsinə çıxacaq”.
Günel CƏLİLOVA