BMT insan haqları üzrə İrana təzyiqi artırdı...
Mahmud Bilgin: “İranda insan haqlarının vəziyyəti olduqca acınacaqlıdır”
İrticaçı Tehran rejimində insan haqlarının pozulması, sanki bir “norma” kimi qəbul edilir. Xüsusən də Güney Azərbaycandakı soydaşlarımız, milli fəallarımız, demək olar ki, hər saat, hər gün molla hökumətinin təqibi, təzyiqi ilə üzləşir.
İndiyə qədər saysız-hesabsız soydaşlarımız irticaçı rejimin ən sərt üsulları ilə haqq etmədikləri cəzalara, həbsə, ölüm hökmünə məruz qalıblar. 1979-cu ildən bəri Güney Azərbaycanda soydaşlarımıza, dilimizin, mədəniyyətimizin status alması uğrunda mübarizə aparan milli fəallarımıza olmazın divan tutulub. Təkcə Azərbaycan türkləri deyil, qeyri-fars xalqların, toplumların nümayəndələri də bu rejimin zülmləri, repressiyaları ilə üz-üzə qalıb.
Artıq İranda baş verən bu zülmkar prosesə dünya birliyi də etirazlar etməyə başlayıb.
Azad İran Telegram kanalı məlumat yayıb ki Almaniya Xarici İşlər Nazirliyi bu günlərdə BMT İnsan Hüquqları Şurasının Faktaraşdırıcı Komitəsinin missiyasının müddətini uzatdıqdan sonra bəyanat yayıb: “İranda insan haqlarının sıxışdırılması və fəlakətli vəziyyətinə görə məsuliyyət daşıyanlar cəzasız qalmamalıdır. Biz igid İran xalqını tək qoymayacağıq. Onların taleyi bizim məsuliyyətimiz olub və olacaq”.
Qeyd edilənə görə, BMT-nin İnsan Hüquqları Şurasına üzv olan ölkələr aprelin 4-də qətnamə qəbul edərək, təşkilatın İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın və BMT-nin Faktaraşdırıcı Komitəsinin missiyasınının müddətinin daha 1 il uzadılmasına qərar veriblər.
“Siyasi təqiblərdən, günahsız insanların zindanlara atılmasından tutmuş insanları haqsız yerə edam etmələrinə, sürgünə göndərmələrinə qədər çox dəhşətli hallar baş verir”
Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözcüsü Mahmud Bilgin “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Tehran rejiminin həm daxilə, həm də qonşulara yönəlik çox çirkin işləri var.
“BMT-nin İnsan Hüquqları Şurasının qərarı ilə təşkilatın İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın və BMT İnsan Hüquqları Şurasının Faktaraşdırıcı Komitəsinin missiyasının müddətinin 1 il də uzadılması əsas iki məsələ ilə bağlıdır. Birincisi, bu, İranın daxilində insan hüquqlarının pozulması məsələsidir ki, hər sahədə özünü büruzə verir. Siyasi təqiblərdən, günahsız insanların zindanlara atılmasından tutmuş insanları haqsız yerə edam etmələrinə, sürgünə göndərmələrinə qədər çox dəhşətli hallar baş verir. İnsanların seçim hüququqlarından istifadə etməyin də qarşısını alırlar. Bu ölkədə yaşayan millətlərin arasında ixtilaflar yaradırlar, Güney Azərbaycanda kürdlük məsələsini ortaya gətirib, gələcəkdə qanlı savaşlara şərait yaratmaq istəyirlər. Bəlucların içində ilyarımdan çoxdur ki, mədəni bir hərəkat gedir. Ancaq İran rejimi çalışır ki, onu qanlı çatışmalara çevirsin. Bu, təbii ki, böyük insan haqları və hüquq pozuntusudur. Bunu biz ərəblərin də timsalında görürük. Ərəblərin içindən minlərcə insan xiyabana çıxıb öz haqlarını, ana dillərində təhsil almalarına şərait yaradılmasını tələb edirlər, amma görün onların başına rejim nə faciələr gətirir. Kürdlərə də, türklərə də, orada yaşayan başqa xalqlara qarşı da bu cür basqılar, təzyiqlər baş verir. İranda baş verən bu dəhşətli proses, təbii ki, dünyanın gözündən qaçmır.
Təkcə Güney Azərbaycanı götürsək, keçən il orada bizim çox tanınmış milli fəallarımız Əli Babayi, Yürüş Mehrəlibəyli, Araz İbrahimli, Cavad Sudbər və başqaları tutuldu, başlarına çox zülümlər gətirildi, təkadamlıq kameralarda çox basqı altında oldular. İndi onları şərtiyə buraxıblar. Amma milli fəallarımızın heç bir günahı yoxdur. Onların böyük Vətən sevgiləri var, istəyirlər ki, Vətənlərinin gələcəyində rolları olsun, dilimiz azad olsun, ölkədəki siyasi, iqtisadi, mədəni ayrıseçkiliyə son qoyulsun, bərabər hüquqlu bir ölkə yaransın. Bizim hələ də minlərlə milli fəalımız günahsız yerə İran zinanlarında işgəncə altındadır. Onlar haqsız yerə tutulublar. Evin zindanında milli fəallarımıza zülm edilir. Güneyli fəal Mürtəza Pərvin və başqa milli fəallarımız hələ də zindanda qalıblar.
İranda insan haqlarının vəziyyəti olduqca acınacaqlıdır”-deyə M.Bilgin bildirdi.
M.Bilgin deyir ki, rejim oradakı xalqların təşkilatlanmasına, bir xalq kimi öz hüquqlarının təmin edilməsinin qarşısına əngəl olur. O qeyd etdi ki, təşkilatlanma, öz milli və mədəni haqlarını tələb etmək, İranda bərabərhüquqlu vətəndaş olmaq tələbi oradakı hər kəsin haqqıdır. “İran rejimi buna şərait yaratmır, bütün gücü ilə buna mane olur. Təbii ki, bu da dünyanın gözündən qaçmır. Sara Təbrizi məsələsinə də diqqət yetirək, bir azərbaycanlı qadın il yarım bundan əvvəl zindanlarda o qədər işgəncəyə məruz qaldı ki, cana yığılmışdı. Hətta onu zindanda işbirliyinə məcbur edirdilər. 20 yaşında qız bu rejimlə əməkdaşlıq etməmək üçün ölkədən qaçmağı planlaşdırırdı, amma onu öldürüb cəsədini atdılar küçəyə. Haqsız yerə etdilər. Bundan da aydın görsənir ki, onlar insanlara qarşı bu cür cinyətləri necə rahatlıqla edə bilirlər. Başqa bir qızımız, “Təbriz qızı” kimi tanınan Röya Zakirinin başına ona nə oyunlar gətirdilər. Röya Zakiri xiyabanda “Xamneiyə ölüm olsun” şüarı səsləndirdiyinə görə onu tutub ruhi xəstəxanaya apardılar ki, bu “dəlidir”. Qız ondan əvvəl aylarla zindanlarda işgəncə görmüşdü.
İranda yaşayan bütün xalqların başına bəlalar gətirilir, milli fəallar, haqlarını tələb edən insanlar işgəncələrə, edamlara məruz qalır. Bunu isə dünya görür”.
M.Bilginin sözlərinə görə, bu, məsələnin bir tərəfidir, ikinci tərəf odur ki, BMT İranın bölgədə apardığı qızışdırıcı siyasəti yaxşı anlayır, çünki İran husilərə yardım edir, Əfqanıstanı qarışdırmağa çalışır, Qəzzada Həmasın yanındadır, Hizbullahın yanında yer alır, hər yerdə öz mənfətini güdür, fərqli ölkələrdə qarşıdurma yaratmaq niyyətindədir. “BMT-nin çıxardığı qərarın məqsədi odur ki, xüsusi məruzəçinin müddətini bir il də artırmaqla İran rejiminin bütün cinayətləri tam öyrənilib sona çatdırılsın. Bu problem o qədər dərin və o qədər acıdır ki, adam bilmir hansından başlaya hansında qurtara. Millətimiz elə bir irticaçı rejimlə üzbəüzdür ki, bunu bütün dünya bilir. Hesab edirəm ki, dünya birliyi İrana daha sərt təzyiq göstərməlidir ki, o burada yaşayan xalqların milli hüquqlarını tanısın”-deyə M.Bilgin bildirdi.
M.Bilgin bununla yanaşı bildirdi ki, burada BMT-nun bu məsələdə nə qədər səmimi olub-olmaması məsələsinə diqqət yetirilməlidir. “BMT-nin İrana təzyiqi artırmasına gəlincə, Avropa Birliyinin İranla yeni anlaşması, Ermənistana gedən silahlarla bağlı İrandan tranzit yolu kimi istifadə etməkləri və sair məsələlər olduğu halda bu barədə BMT nə qədər səmimi ola bilər? Azərbaycanın dünya tərəfindən tanınan ərazilərinə qarşı iddia irəli sürən Ermənistan Qarabağı işğal edərək Azərbaycan xalqını qətliam etdi, 30 il ərzində Qarabağı taladı, bu müddətdə, maləsəf, BMT-nin İnsan Haqları Komitəsi öz missiyasını ortaya qoya bilmədi”-deyə M.Bilgin əlavə etdi.
İradə SARIYEVA