Təmtəraqlı özəl məktəblərin elə adları var imiş - testin nəticələri ifşa etdi...
Kamran Əsədov: “Buraxılış imtahanında yüksək bal toplayan şagirdlərin əksəriyyəti bölgələrdən və dövlət məktəblərindən olan abituriyentlərdir”
Məlum olduğu kimi, bu il 3 mart tarixində keçirilmiş orta məktəblərin 11-ci sinif buraxılış imtahanlarında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Maksimum nəticə əldə edən şagirdlərin hər biri dövlət məktəblərində təhsil alır. Həmin şagirdlərin (siyahı) 6-sı Bakı, 3-ü Qəbələ, 3-ü Şəki, 1-i Abşeron, 1-i Gəncə məktəblərini təmsil edir.
Maraqlı məqam ondan ibarətdir ki, 300 bal toplayan şagirdlər arasında özəl orta məktəblərin heç bir məzunu yoxdur. Məlumat üçün bildirək ki, Azərbaycandakı özəl orta məktəblərdə təhsil haqları 8 min manatdan 15 min manata qədər dəyişir. Dövlət məktəblərində təhsil alan məktəblilər yüksək nəticə göstərib. Bu da onu göstərir ki, özəl məktəblərdə, yüksək məbləğdə təhsil haqqı olmasına baxmayaraq, şagirdlərə lazımi bilik tədris edilmir.
“Son 3 il ərzində orta və ümumitəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə böyük işlər görülüb, nəticədə isə…”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, buraxılış imtahanında yüksək bal toplayan şagirdlərin əksəriyyəti bölgələrdən və dövlət məktəblərindən olan abituriyentlərdir. İllik təhsil haqları 8000-10000 olan özəl liseylərin belə nəticələri, demək olar ki, yoxdur: “Builki yüksək nəticələrə dövlət məktəblərinin yetirmələri tərəfindən nail olunması dövlət orta və ümumtəhsil məktəblərində artıq tədrisin keyfiyyətinin yüksəldilməsindən xəbər verir. Məlumdur ki, son 3 il ərzində təhsilin inkişafı ilə bağlı ciddi işlər görülür. Son 3 il ərzində orta və ümumitəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə böyük işlər görülüb. Xüsusən, orta və ümumitəhsil məktəblərində monitorinq imtahanlarının keçirilməsi, şagirdlərin dərsə davamiyyətinin təmini, həmçinin buraxılış imtahanının modelinə uyğun monitorinq imtahanlarının keçirilməsi artıq imtahan nəticələrinə də təsir göstərir. Həmçinin müəllimlərin sertifikasiya imtahanlarının keçirilməsi də onların bilik və bacarıqlarının yüksəlməsində böyük rola malikdir. Ümumilikdə, artıq biz təhsil sistemində müvafiq göstəricilərin qalxmasını müşahidə edirik”.
Günel CƏLİLOVA